Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən təltif edilən Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşlarına mükafatlar tədqim olunub.
BMU-nun rektoru Yaqub Piriyev təltif olunmuş əməkdaşlara ən xoş təbriklərini çatdırıb və onlara səmərəli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb.
Sonra rektor Avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri Ramiz Hümbətova Elm və Təhsil Nazirliyinin fəxri fərmanını, Mexanika mühəndisliyi kafedrasının müdiri Asif Quliyev və Mühəndislik fakültəsinin dekan müavini Osman Mirzəyevə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və vəsiqələrini təqdim edib.
Daha sonra universitetin inkişafındakı xidmətlərinə görə İngilis dili kafedrasının müdiri Nərminə Əliyeva və İnşaat mühəndisliyi kafedrasının dosenti Cəlaləddin Vəliyevə BMU-nun fəxri fərmanları verilib. Eyni zamanda ali təhsil ocağının akkreditasiya dövründə aktiv iştirakına görə Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova, şöbənin əməkdaşları-Ramis Məmmədov, Qafar Ocaqlı, Fuad Qurbanov və İlkin Zahidov BMU-nun təşəkkürnamələri ilə təltif olunub.
Çıxış edən əməkdaşlar onların əməyinə verilən yüksək dəyərə görə dərin minnətdarlıqlarını bildiriblər.
İctimaiyyətlə əlaqələr şöbəsi