48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25 Oktyabr 2023
48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və ADA Universitetinin təşkilatçılığı ilə “48-ci ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib.

Təsnifat mərhələsi BMU ilə yanaşı, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Universitetində təşkil olunub.

Müsabiqədə Azərbaycanın 23 ali təhsil müəssisəsindən 167 komanda (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edib.

Komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

Nəticələrə uyğun olaraq, 58 komanda 5 noyabr 2023-cü il tarixində BMU-da təşkil olunacaq müsabiqənin Azərbaycan üzrə dörddə bir final mərhələsinə vəsiqə qazanıb.

Dörddə bir final mərhələsini müvəffəqiyyətlə bitirəcək komandalar cari ilin 10-14 dekabr tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində təşkil olunacaq müsabiqənin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmək hüququ əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” regional müsabiqənin baş sponsorudur.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər