Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev “Clarivate Analytics” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə Yaqub Piriyev BMU-nun elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi istiqamətində müəyyənləşdirilən strateji hədəflərdən söz açaraq, bu sahədəki mövcud imkanlardan və potensialdan düzgün istifadənin vacibliyini diqqətə çatdırıb. Universitet əməkdaşlarının aparıcı elmi resurslara çıxışı, bu platformalardan istifadəsi, eləcə də ali təhsil müəssisəsinin dünyanın tanınmıış reytinq cədvəllərində mövqeyinin möhkəmləndirilməsi istiqamətində işlərin sürətləndirilməsi məsələrinə toxunan rektor BMU-nun “Clarivate Analytics” şirkəti ilə əlaqələrin daha da inkişaf etdirilməsinin uğurlu nəticələr verə biləcəyinə ümidvar olduğunu bildirib.
“Clarivate Analytics” şirkətinin nümayəndə heyəti adından çıxış edən şirkətin təhsil proqramları üzrə direktoru Valentin Boqorov ölkənin aparıcı ali təhsil müəssisələrindən biri kimi BMU-nun reytinq göstəricilərinin yaxşılaşdırılması üçün görülən işlərin sevindirici hal olduğunu qeyd edib. Universitetin elmi fəaliyyəti və elmi bazalardan istifadə imkanları ilə bağlı aparılan müşahidələr və analizin nəticələrindən danışan qonaq strateji hədəflərin reallaşdırılması üçün atılacaq addımları vurğulayıb. Şirkət rəsmisi “Clarivate Analytics” tərəfindən 3 dildə - ingilis, türk və rus dillərində təlimlərin təşkili, həmçinin elmi bazalarda effektiv məlumat axtarışı, elmi nəşrlər və onlara istinad səviyyəsinin yüksəldilməsi, elmi məqalələrin sayının və keyfiyyətinin artırılması ilə bağlı ətraflı məlumat verib. Eyni zamanda, “Web of Science” elmmetrik bazasından istifadənin daha səmərəli təşkili, sözügedən bazada müəllif və müəssisə profilinin düzgün qeyd olunması, elmi məqalələrin nəşri zamanı diqqətli davranma, jurnalların dəqiqliyinin yoxlanması üçün əsas punktlar və s. bu kimi məsələlərlə əlaqədar tövsiyələrini verib.
Görüş BMU-nun “Clarivate Analytics” şirkəti ilə əməkdaşlığının istiqamətləri üzrə ətraflı müzakirələrlə yekunlaşıb.
İctimaiyyətlə əlaqələr şöbəsi