BMU-da Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alimlə görüş keçirilib

02 Nov 2023
BMU-da Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alimlə görüş keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin Ali riyaziyyat kafedrasının müdiri, müasir seçim nəzəriyyəsinin yaradıcılarından biri, texnika elmləri doktoru, professor Fuad Ələsgərovla görüş keçirilib.

Elm adamları ilə bu qəbildən olan görüşlərin ümumilikdə təhsil və tədris prosesinə müsbət təsirindən söz açan rektor Yaqub Piriyev qonağı təqdim edərək Fuad Ələsgərovun elmi fəaliyyəti ilə bağlı bir çox nüansları və faktları diqqətə çatdırıb. Rektor bildirib ki,  Bakıda anadan olan Fuad Ələsgərov M.V.Lomonosov adına Moskva  Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Həmyerlimiz 1975-ci ildən Rusiya Elmlər Akademiyasının  A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunda müxtəlif vəzifələrdə işləyib.  Fuad Ələsgərovun  elmi fəaliyyəti barədə geniş məlumat verən rektor, alimin 2003-cü ildən Moskvada Ali İqtisadiyyat Məktəbində kafedra müdiri və professor (Tenured Professor), 2019-cu ildən ömürlük professor (Distinguished Professor) seçildiyini qeyd edib.

Yaqub Piriyev onu da vurğulayıb ki, Avropa və ABŞ-ın bir çox nüfuzlu universitetlərində dəvətli professor kimi işləyən, elmi məqalələri “Springer”, “Elsevier” kimi nəşriyyatlarda dərc olunan, iyirmidən çox nüfuzlu elmi jurnalın redaksiya heyətinin üzvü olan Fuad Ələsgərov hazırda da elmi ictimaiyyət üçün aktuallıq daşıyan mövzuların tədqiqi ilə məşğulddur.

Sonra BMU-nun professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə Fuad Ələsgərov Network Analysis under Deep Uncertainty (Dərin qeyri-müəyyənlikdə şəbəkə analizi (ərzaq təhlükəsizliyi, neft ticarəti və inkişaf etməkdə olan  iqtisadiyyatlar üçün hazırlanan riyazi model)) mövzusunda seminar verib.

 Auditoriyanın suallarını cavablandıran professor yüksək ixtisaslı elmi kadrların hazırlanmasına yardımçı olmaq istəyini qeyd edərək, tələbələrə öz tövsiyələrini verib.

Sonda rektor Yaqub Piriyev azərbaycanlı alimlə baş tutan ilk görüşün birgə əməkdaşlığın başlanğıcı olacağına inandığını önə çəkərək, universitet  əməkdaşlarının və tələbələrinin professorun apardığı elmi tədqiqatların nəticələrindən yararlanacağını vurğulayıb. Nüfuzlu alimin universitetdə birgə elmi layihələrə cəlbinin önəmini diqqətə çatdıran rektor maraqlı və aktual mövzu ilə bağlı mühazirəsinə görə Fuad Ələsgərova təşəkkürünü ifadə edib.

 İctimaiyyətlə əlaqələr şöbəsi

 

More news