BMU-da “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”nın təqdimatı keçirilib

19 Oct 2023
BMU-da “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”nın təqdimatı keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”nın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə ölkənin prioritet istiqamətləri sırasında yer alan gənclər siyasətini önə çəkərək, dövlət tərəfindən onların hərtərəfli inkişafının təminatı üçün geniş şəraitin yaradıldığını bildirib. Prorektor gənc istedadların vaxtında üzə çıxarılıb bacarıqlarının daha da təkmilləşdirilməsi, xüsusi istedada malik gənclərin fəaliyyətinin müxtəlif yanaşmalarla stimullaşdırılması, gənclərin innovativ təşəbbüs, ideya və təkliflərinin dəstəklənməsi üçün dövlət səviyyəsində müxtəlif proqramların icra olunduğunu vurğulayıb. “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”nın da gənclərin həyatında yeni istiqamət açacağına ümidvar olduğunu deyən Bayram Hüseynzadə BMU tələbələrini fəal surətdə proqrama qoşulmağa dəvət edib.

RİİB-in əməkdaşı Adilə Əliyeva isə  təmsil etdiyi qurumun fəaliyyəti və məqsədi, eyni zamanda hazırda “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı” çərçivəsində gerçəkləşdirilən məlumatlandırıcı sessiyalar barədə məlumat verib.

Sonra “Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı”nın rəhbəri Leyla Seyidzadə tələbə və gənc müəllimlər üçün nəzərdə tutulan proqramla bağlı geniş təqdimatla çıxış edib. Proqram rəhbəri qeyd edib ki, məqsəd paytaxt və regionları əhatə etməklə yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsidir.

Proqrama təqdim edilən layihələrin hansı prinsiplər əsasında seçiləcəyini diqqətə çatdıran Leyla Seyidzadə müraciətlərə baxılma qaydaları və mərhələləri, qalib layihələrin müəyyənləşdirilməsi, fürsət və imkanlar barədə zəruri informasiyalara toxunub. O da bildirilib ki, proqrama qoşulmaq istəyən 18-35 yaş arası hər bir Azərbaycan vətəndaşı  https://bitly.ws/VVKj  vasitəsilə qeydiyyatdan keçə bilər.

Görüş sual-cavab sessiyası ilə başa çatıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

More news