Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası

Təbiət elmləri

Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası

Bakı Mühəndislik Universitetində elm və təhsilin inteqrasiyasını gücləndirmək, müasir tədqiqat mühiti formalaşdırmaq və tələbələrin praktik bacarıqlarını inkişaf etdirmək məqsədilə 2026-cı ilin fevral ayından Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası istifadəyə verilib. Yeni laboratoriyanın yaradılması universitetin strateji inkişaf proqramının tərkib hissəsi olmaqla, biotexnologiya və digər bioloji elmlər sahəsində aparılan elmi araşdırmaların keyfiyyətcə yeni mərhələyə keçidini təmin edəcək.

 

Laboratoriya beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub və burada həm fundamental, həm də tətbiqi tədqiqatların aparılması üçün hərtərəfli şərait yaradılıb. 

 

Bioloji nümunələrin dəqiq və etibarlı şəkildə analiz edilməsi məqsədilə quraşdırılmış yüksək sürətli soyuduculu sentrifuqa hüceyrə və biomolekulların fraksiyalara ayrılmasını temperatur nəzarəti altında həyata keçirməyə imkan verir. Bu isə xüsusilə molekulyar biologiya və biokimya istiqamətində aparılan araşdırmalar üçün mühüm əhəmiyyət daşıyır.

 

Mikroorqanizmlərin və hüceyrə kulturlarının yetişdirilməsi üçün laboratoriyada sabit temperatur rejimini təmin edən istilik inkubatoru quraşdırılıb. Bu cihaz  müxtəlif eksperimental proseslərin dəqiq nəzarət altında aparılmasına, hüceyrə artım dinamikasının izlənilməsinə və elmi nəticələrin etibarlılığının artırılmasına şərait yaradır. Eyni zamanda, steril iş mühitinin qorunması məqsədilə laboratoriyada laminar axın sistemi tətbiq olunur ki, bu da hüceyrə və mikrobioloji tədqiqatların çirklənmə riski olmadan həyata keçirilməsini təmin edir.

 

Laboratoriyada həmçinin bioloji materialların uzunmüddətli və təhlükəsiz saxlanılması üçün dərin dondurucu sistem quraşdırılıb. Aşağı temperatur rejimində saxlanılan nümunələr gələcək tədqiqatlar və təkrar analizlər üçün öz stabilliyini qoruyur. Bu isə elmi layihələrin davamlılığı və nəticələrin müqayisəli təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. 

 

Ultrasəs homogenizatoru sayəsində laboratoriyada hüceyrə strukturlarının parçalanması, biomolekulların çıxarılması və homogen nümunələrin hazırlanması mümkün olacaq. Bu cihaz tədqiqat prosesində dəqiqliyi və operativliyi artırmaqla yanaşı, analizlərin keyfiyyət göstəricilərini yüksəldir.

 

Elmi müşahidə və vizual analiz imkanlarını genişləndirmək məqsədilə laboratoriya flüoresent trinokulyar mikroskopla təchiz olunmuşdur ki, bu müasir optik sistem flüoresent markerlər vasitəsilə hüceyrə və toxuma strukturlarının yüksək dəqiqliklə müşahidəsini təmin edir, eyni zamanda görüntülərin rəqəmsal qeydi və sənədləşdirilməsi üçün geniş imkanlar yaradır. Bu xüsusiyyətlər hüceyrə biologiyası, genetika və mikrobiologiya sahəsində aparılan tədqiqatlar üçün əhəmiyyətlidir.

 

Yeni yaradılmış laboratoriya yalnız elmi-tədqiqat məqsədlərinə deyil, həm də tədris prosesinə mühüm töhfə verəcək. Tələbələr burada nəzəri biliklərini praktik mühitdə tətbiq edərək real laborator şəraitdə işləmək bacarığı qazanacaqlar. Onlar eksperimental planlaşdırma, nümunələrin hazırlanması, analizlərin aparılması və nəticələrin interpretasiyası kimi vacib mərhələləri birbaşa icra edərək peşəkar kompetensiyalarını inkişaf etdirəcəklər.

 

Bununla yanaşı, laboratoriya gənc tədqiqatçıların elmi layihələrə cəlb olunması, startap təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi üçün də platforma rolunu oynayacaq. Müasir avadanlıqların mövcudluğu universitet alimlərinin beynəlxalq qrant proqramlarında iştirak imkanlarını artıracaq və birgə tədqiqat layihələrinin həyata keçirilməsinə zəmin yaradacaq.

 

 

Biotexnologiya elmi-tədqiqat və tədris laboratoriyası | BEU