Kafedra, Fizika müəllimliyi istiqaməti üzrə ingilis dilində bakalavr hazırlığını həyata kecirir. Kafedra fizika ixtisası üzrə müəllim kadırların hazırlığı ilə bərabər, mühəndislik, kimya, biologiya, riyaziyyat və informatika kafedralarında ümumi fizikanın müxtəlif sahələrini tədris edir. Digər ali məktəblərdən fərqli olaraq Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasında təhsil əsasən ingilis dilində aparılır. Bu da imkan verir ki, məzunlarımız xarici ali məktəblərində magistratura pilləsində öz təhsillərini davam etdirə bilsin.
Kafedranın missiyası
Kafedranın fəaliyyətinin əsas məqsədi yüksək ixtisaslı, geniş dünya görüşünə və pedaqoji biliklərə, tənqidi düşüncəyə, elmi-tədqiqatlar aparmaq bacarıqlarına yiyələnmiş və bunlardan səmərəli və yaradıcı şəkildə praktikada istifadə edə bilən milli və ümumbəşəri dəyərləri özündə birləşdirən müəllimlər yetişdirməkdir. Fizika müəllimliyi ixtisasını müvəffəqiyyətlə bitirən tələbələr bakalavr ixtisas dərəcəsinə yiyələnir və aldığı yüksək təhsil sayəsində istəyinə uyğun olaraq birbaşa peşə fəaliyyətinə başlamaq, ya da mövcud qəbul qaydalarına əsasən təhsilini magistratura pilləsində davam etdirmək imkanına malik olur.
Kafedranın fəaliyyət istiqamətləri
Fizika kafedrası 2016-2017-ci tədris ili, fevralın 15-də Bakı Mühəndislik Universitetinin (BMU) Pedaqoji fakültəsinin nəzdində fəaliyyətə başlamışdır. Kafedranın professor-müəllim heyəti bakalavr pilləsi üzrə ümumi və ali fizika istiqamətləri üzrə yüksək səviyyədə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi (Fizika müəllimliyi ixtisası, şifri - 050104) ilə yanaşı olaraq kafedrada fizika (şifri-060503) üzrə “İstilik və molekulyar fizika” ixtisaslaşması ilə magistr hazırlığı həyata keçirilir.
Kafedranın akademik heyəti
10 nəfər professor-müəllim heyətindən ibarətdir
Kafedranın maddi-texniki bazası (laboratoriyaları)
Universitetin Fizika Laboratoriyası ümumi fizikanın 5 bölməsi üzrə praktik-təcrübi laboratoriya işlərin yerinə yetirliməsi üçün nəzərdə tutulmuşdur:
Laboratoriya avadanlığı PASCO (www.pasco.com) şirkətindən alınmışdır. Laboratoriyada mövcud olan müasir avadanlıqlar fizikanın yuxarıda göstərilən sahələri üzrə əsas təcrübə işlərinin aparılmasına imkan verir. Tələbələr hər bir apardığı təcrübə işində kömpüterdən, çox sayda müxtəlif sensorlardan və xüsusi proqram təminatından istifadə edərək ölçmə apardığı kəmiyyətləri birbaşa cədvəl və qrafiklər şəklində müşahidə edə bilirlər. Hər bir işin ölçmə və hesablama xətaları proqram təminatı vasitəsi ilə verilir. Mövcud avadanlıqlardan istifadə edərək, tələbələr verilən kurs işi və lahiyələri əsasında yeni laboratoriya işləri hazırlayır.