XARİCİ DİL KAFEDRASI

 

  Qloballaşan dünyada dil bacarıqları ən vacib səlahiyyətlər sırasındadır. Xalqlar və mədəniyyətlərarası əlaqələrin öyrənilməsində, insanlar arasında körpü salınmasında, habelə biznes dünyasında xarici dil bilmənin rolu əvəzsizdir. Bu, hər şeydən əvvəl, tələbələrə gələcəkdə çoxdilli bir mühitdə işləmək üçün geniş imkanlar açır. Bugünki iş dünyasında xarici dil bilən mütəxəssislərə yaranan tələbata müvafiq olaraq xarici dillərin keyfiyyətli tədrisinə də tələb artır.

   2017-ci ildə Pedaqoji fakültənin nəzdində yaradılmış “Xarici dil” kafedrasının qarşısında duran əsas vəzifə universitetin Mühəndislik, Pedaqoji və İqtisadiyyat fakültələrində ingilisdilli ixtisaslarda təhsil alan tələbələrin seçiminə və fakültələrin tələblərinə uyğun olaraq ikinci xarici dilin - alman, rus, fransız, türk və ərəb dillərinin tədrisini yüksək səviyyədə təşkil etməkdir. “Xarici dil” kafedrasına dos. Seyran Qayıbov rəhbərlik  edir.

  Dövlət standartları əsasında hazırlanmış təqvim-tematik plana uyğun aparılan dərslərdə müasir informasiya-kommunikasiya vasitələrindən, audio-video materiallarından istifadə olunması tələbələrə bu dilləri dərindən mənimsəməyə kömək  edir. Dərslər tələbələrin nitqinin fəal olmasına və onların daha çox ünsiyyətdə olmasına şərait yaradan kommunikativ metodlar əsasında təşkil edilir. Fənlərin tədrisində qabaqcıl universitetlərdə tədris olunan dərs vəsaitlərindən istifadə olunur. Oxuma, dinləmə, yazma və danışıq bacarığı dərs prosesində inkişaf etdirilir; dərs prosesini daha maraqlı etmək üçün əlavə materiallardan - filmlərdən, broşuralardan, kataloqlardan, qəzet və jurnallardan istifadə olunur.

   Fənnin tədrisi üçün ayrılan krediti toplayan hər bir tələbənin öyrəndiyi xarici dildə verilən materialı oxuyub-anlaması, şifahi ünsiyyət qurması və yazma vərdişləri qazanması əsas məqsəddir. Dövlət standartları tələblərinə müvafiq və ixtisasından asılı olaraq universitetdə xarici dillərin tədrisi əsasən iki və dörd semestr ərzində aparılır.

 Tədris olunan xarici dil dərslərimizdə

  • tədris olunan dilin tədrisinin son nəticələri nəzərə alınır;
  • keyfiyyət, davamlılıq və kommunikativliyə üstünlük verilir;
  • danışıq, dinləmə, yazı və oxu real həyat situasiyalarında və orijinal mətnlərlə tətbiq edilir;
  • aktual və mədəniyyətlərarası istiqamətə üstünlük verilir;
  • müasir dərsliklərdən və texniki avadanlıqdan istifadə olunur;
  • öyrənmə platforması üçün əsas olan innovativ və çevik öyrənmə (didaktik oyunlar, filmlər və mahnılar) geniş tətbiq olunur.

 Dərsin məqsəd və vəzifələri

  • tələbələrə danışıq, dinləmə, yazı və oxu üzrə vərdiş və bacarıqları aşılamaq və inkişaf etdirmək;
  • tələbələrə akademik dəstək vermək,  onların potensiallarini inkişaf etdirmək;
  • müvafiq şəraitdə tolerantlıq və hörmət hissləri aşılamaq.

 Kafedranın professor-müəllim heyəti

   Hazırda “Xarici dil” kafedrasında tam ştatda 2 dosent, 1 baş müəllim (f.ü.f.d.), 2 müəllim, 0.5 ştatda  2 baş müəllim (f.ü.f.d.) , 1 baş müəllim, 1 müəllim, saat hesabı qaydada isə 1 dosent, 2 f.ü.f.d., 4 müəllim fəaliyyət göstərir.