Biologiya nəzəri və təcrübi əhəmiyyətli fənn olduğundan, “Biologiya” kafedrasında tədrisin təşkil olunmasında bu laboratoriyanın rolu müstəsna əhəmiyyətlidir. Bakı Mühəndislik Universitetinin (BMU) Biologiya laboratoriyasında eyni vaxtda 15 tələbənin laborator məşğələlərinin təşkil olunması üçün uyğun şərait vardır. Laboratoriya 32 nəfərlik qruplar üçün treninq-seminarların və müxtəlif sahələrə uyğun tədqiqatların keçirilməsinə cavab verən formatda dizayn olunub. Biologiya tədris laboratoriyasında Biologiya müəllimliyi ixtisası üzrə dərslər ingilis dilində aparıldığından tədris bazası buna uyğun yaradılıb. Laboratoriyada bioloji fənnlərin təcrübi eksperimental bölmələrinin, eləcə də tələbələrin müstəqil elmi-tədqiqat işlərinin aparılması üçün ən müasir cihaz və avadanlıqlar mövcuddur. Bütün bunlarla bərabər, çalışma masalarının xüsusi işıqlandırılması, mərkəzi elektrik təchizatı sistemi, rəflərin dizaynı və komplektlərin yerləşməsi praktiki məşğələlərin səmərəliliyini təmin edir. Laboratoriyadakı əyani vəsait aşağıdakı əsas başlıqlar altında qruplaşdırıla bilər:

Genetik tədqiqat üsulu – PCR (polimerlərin zəncirvari reaksiyası)

     Qeyd olunan tədqiqat üsulu hazırkı dövrdə müasir bioloji tədqiqatların aparılmasında aparıcı mövqe tutur. Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə orqanizmdən kənarda (in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyənin seçilərək təkrar-təkrar kopyalanması prinsipinə əsaslanır və müxtəlif taksonomik vahidlərə malik orqanizmlərin filogeniyasının, molekulyar biologiyasının və genetik tərkibinin tədqiq olunmasına imkan verir. Laboratoriyada ABŞ istehsalı 7 sətirli  LCD  displeylə təchiz olunmuş, 4-99 ºC temperatur intervalına malik 25x 0.2 ml PCR nümunəsi tutumlu “EDVOCYCLER” tədris PCR cihazından “Molekulyar biologiya” və “Genetik mühəndisliyə giriş” fənlərinin tədrisində geniş istifadə olunur. 

 

Analitik tərəzi, vortex (mini sentrafuqa), müxtəlif tutumlu mikropipetlər

     BMU-nun Biologiya laboratoriyasında müxtəlif analitik və biokimyəvi təhlillərin aparılması, mikroorqanizm və göbələk ştammlarının yerləşdirilməsi üçün müxtəlif tərkibli qida mühitlərinin hazırlanmasında analitik tərəzidən geniş istifadə olunur. Laboratoriyada KERN ABS 220-4 N markalı avtomatik zaman tənzimləyicili, 0.2 mq dəqiqliyinə malik analitik tərəzidən istifadə olunur.

     Geniş tətbiq spektrinə malik LabNet SN 1304 model mini sentrifuqadan həm tələbələrin müstəqil elmi-tədqiqat işlərinin aparılmasında, həm də tədris prosesində istifadə olunur.

    Mikro- və nano- səviyyəli tədqiqat obyektlərinə malik müasir biokimya və biotexnologiya laboratoriyalarında əsas tədqiqat vasitəsi olan mikropipetlərdən istifadə vərdiş və bacarıqlarının tələbələrdə formalaşdırılması məqsədilə laboratoriya 3B və EDVOTEK markalı müxtəlif tutuma malik mikropipetlərlə təchiz olunub.

 

Genetik, hüceyrə və biokimyəvi üsulları göstərmək üçün müxtəlif növ kitlər

     Laborator məşğələlərinin təşkil olunmasında, eksperimentlərin planlaması və nəticələrin proqnozlaşdırılması, qoyulan təcrübələrin həm istifadə olunan maddələr baxımından, həm də zaman baxımından tədris prosesinə uyğunlaşdırılması olduqca mühüm əhəmiyyətlidir. Bu baxımdan laboratoriya müxtəlif fənlərə aid mövzular üzrə təcrübə dəstləri ilə təchiz olunub. Biologiya laboratoriyasında “Genetika”, “Bitkilərin molekulyar biologiyası”, “Ümumi biologiya”, “Mikrobiologiya” fənlərinin tədrisində tədris proqramına uyğun “Carolina” və “3 B” şirkətləri tərəfindən istehsal olunmuş hazır eksperimental dəstlərdən geniş istifadə olunur.
  

İnsan sensor sisteminin daxili funksiyasını göstərən modellər

     “İnsan və heyvan fiziologiyası” və “İnsan anatomiyası” fənləri üzrə daxili orqan və toxumaların quruluş xüsusiyyətləri və funksiyalarının tədrisində əyaniliyin təmin olunmasına böyük ehtiyac vardır. Bu baxımdan insan orqanizmində sensor sistemin daxili quruluşu prinsipləri və funksiyalarını əks etdirən modellər tədris olunan materialların daha yaxşı yadda saxlanılması və dərk olunmasına şərait yaradır.

 

Ətraf mühitin monitorinqini etmək üçün mikro laboratoriya dəsti

     Hazırda planetdə baş verən “ekoloji gərginlik” fonunda tələbələrin ətraf mühitin monitorinqinə cəlb olunması olduqca mühüm əhəmiyyət kəsb edir. Laboratoriyada olan mikro laboratoriya dəstindən tələbələr elmi-tədqiqat işlərinin yerinə yetirilməsi zamanı, eləcə də tədqiq olunan canlı orqanizmlərin müxtəlif qruplaşmalarına ətraf mühit faktorlarının təsirinin öyrənilməsində və onların mühafizəsinin düzgün təşkil olunmasında istifadə edirlər.

 

İşıq, stereo, polyarizasiyalı, rəqəmsal kameralı mikroskoplar və binokulyarlar

     BMU-nun Biologiya laboratoriyası tələbələrin eksperimental tədqiqat işlərinin yerinə yetirilməsi üçün 5 ədəd LED illuminasiyalı DM-500 “LEİCA” mikroskopu, 6 ədəd LED illuminasiyalı, dioptrik korreksiyalı, binokulyar “WALTER” mikroskopu, 3 ədəd portativ mikroskop (batareya ilə təchiz olunmuş) 1 ədəd USB ilə təmin olunmuş DN107 T mikroskopu, 2 ədəd stereomikroskop və bir ədəd polyarizasion mikroskopla təchiz olunub.
 

Müxtəlif növ canlı bitki və heyvan nümunələri

     Biologiya laboratoriyasında həm tədris prosesi, həm də tədqiqat işlərində lazım olan müxtəlif canlı obyektlər: onurğalı və onurğasız heyvan növləri, su və səhra bitkiləri saxlanılır. Onların müvafiq fenoloji fazalarının və həyat dövriyyəsinin izlənilməsi laboratoriyada stasionar şəraitdə həyata keçirilir.
 

Heyvanlarda təlim prosesini öyrənmək üçün PUŞR (passiv uzaqlaşma şərti refleksi) qurğusu

     Ali sinir fəaliyyətinin fiziologiyasına dair mövzuların tədrisində istifadə olunan bu qurğu həm tədris kursunun müxtəlif bölmələri (təlimin fiziologiyasının, yaddaş proseslərinin fiziologiyasının tədrisi) üzrə təcrübələrin qoyulması, həm də tələbələr tərəfindən müstəqil olaraq elmi-tədqiqat işlərinin aparılması zamanı müvəffəqiyyətlə istifadə oluna bilər.

     Bu imkanlar tələbələrə bakalavr tədris planına uyğun olaraq fənn proqramlarında nəzərdə tutulan təcrübi işlərin aparılması üçün kifayət edir. Lakin laboratoriyada müəyyən tədqiqat işlərinin qoyulması, layihələrin  həyata keçirilməsi də mümkündür. Məsələn, böyük sterilizə kabinəsi müxtəlif mikrobioloji və bakterioloji işlərin aparılması zamanı istifadə üçün nəzərdə tutulub. Laboratoriyadakı 5 ədəd LED illuminasiyalı DM-500 “LEİCA” mikroskopu, 6 ədəd LED illuminasiyalı, dioptrik korreksiyalı, binokulyar “WALTER” mikroskopu, 3 ədəd portativ mikroskop (batareya ilə təchiz olunmuş) 1 ədəd USB ilə təmin olunmuş DN107 T mikroskopu, 2 ədəd stereomikroskop və bir ədəd polyarizasion mikroskopu müxtəlif bioloji obyektlərin müşahidəsi üçün uyğundur.