Yeni tələbələrə İqtisadiyyat və idarəetmə fakültəsinin imkanları təqdim edilib

11 sentyabr 2026
Yeni tələbələrə İqtisadiyyat və idarəetmə fakültəsinin imkanları təqdim edilib

Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinə yeni qəbul olunan birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib.

 

Görüşdə fakültənin dekanı Nəsimi Kamalov, professor-müəllim heyətinin üzvləri və digər əməkdaşlar iştirak ediblər. 

 

Çıxışlar zamanı tələbələrə fakültənin fəaliyyəti, tədris istiqamətləri, ixtisaslar üzrə yaradılan imkanlar, akademik mühit və universitet həyatında fəal iştirak üçün mövcud şərait barədə məlumat verilib.  Eyni zamanda müasir iqtisadiyyat və idarəetmə sahələrinin dinamik inkişaf etdiyi, əmək bazarında bu istiqamətlər üzrə çevik düşünən, analitik yanaşma və müasir biliklərə malik mütəxəssislərə ehtiyacın artdığı diqqətə çatdırılıb. Bildirilib ki, fakültədə tələbələrin yalnız nəzəri biliklərə yiyələnməsinə deyil, onların analitik düşüncə, qərarvermə, kommunikasiya, komanda ilə işləmək və digər peşəkar bacarıqlarının inkişaf etdirilməsinə də xüsusi önəm verilir.

 

Fakültənin müasir maddi-texniki bazasının yüksəkkeyfiyyətli kadr hazırlığının təmin olunmasına mühüm imkanlar yaratdığı vurğulanıb. Qeyd olunub ki, burada texniki avadanlıqlarla təchiz edilmiş auditoriyalarla yanaşı, tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə xidmət edən müasir laboratoriyalar da fəaliyyət göstərir.

 

Müasir tələblərə cavab verən tədris mühiti, şəffaf və sağlam akademik atmosfer, eləcə də təcrübəli professor-müəllim heyəti fakültədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün əlverişli şərait yaradır. 

 

Görüşdə tələbələrin universitet həyatına uyğunlaşması ilə yanaşı, təhsil müddətində qarşılarında açılan akademik və peşəkar inkişaf imkanlarından səmərəli istifadə etmələrinin vacibliyi də vurğulanıb. Onlara BMU-nun elektron idarəetmə sistemi, tədris prosesinin təşkili, nizam-intizam qaydaları və tələbələrin universitet daxilində yararlana biləcəkləri imkanlar barədə məlumat verilib. Tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Sonda fakültənin ingilis bölmələrinə qəbul olunan tələbələrin dil bilikləri səviyyəsinin müəyyənləşdirilməsi və onların müvafiq qruplarda yerləşdirilməsi məqsədilə imtahan keçirilib.

Yeni tələbələrə İqtisadiyyat və idarəetmə fakültəsinin imkanları təqdim edilib | BEU