BMU-da “Psixologiya Klubu”nun açılışı

19 dekabr 2024
BMU-da “Psixologiya Klubu”nun açılışı

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində yaradılan “Psixologiya Klubu”nun açılışı keçirilib.

Tədbirdə əvvəlcə klubun yaradılmasının məqsədi və qarşıya qoyulan vəzifələr barədə məlumat verilib. Bildirilib ki, klubun fəaliyyəti tələbələrə psixoloji mövzularda bilik vermək, psixologiya ilə bağlı müxtəlif mövzularda müzakirələr təşkil etməkdən ibarətdir. Həmçinin, klub tələbələrə psixoloji mövzularda aparılan elmi tədqiqatlarla tanış olmaq imkanı yaradacaq, eləcə də şəxsi həyat və sosial mühitlə bağlı problemlər yarandıqda psixoloji məsləhət xidməti göstərəcək.

Daha sonra klubun ilk təliminə dəvət olunan qonaqlar psixoloji mövzularda çıxışlar ediblər.

Psixoloq Samirə Bağırova “Stressdən qurtulma yolları və pozitiv psixologiyanın qazanılması” mövzusunda çıxış edərək stresin insan sağlamlığına vurduğu zərərdən danışıb. O, gərginliyin azaldılması ilə bağlı müxtəlif elmi və praktik yanaşmaları diqqətə çatdırıb və gənclərə pozitiv emosiyalara yönəlməyin əhəmiyyəti barədə bir sıra tövsiyələr verib.

Ardınca “PHI Creative Agency”nin təsisçisi, psixoloq Fidan Namazova “Qorxu ilə mübarizə üsulları” mövzusunda çıxış edib və qorxunun nəticələri barədə məlumat verib. Psixoloq insanın həyatına, qərarlarına və seçimlərinə mənfi təsir göstərən qorxu faktoruna qarşı sadə mübarizə yollarını nümayiş etdirib.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

BMU-da “Psixologiya Klubu”nun açılışı | BEU