"Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında” adlı tədbir təşkil olunub
6 may 2026
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamenti və Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının birgə təşkilatçılığı ilə görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında” adlı tədbir keçirilib.
Tədbir Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Məşələ çevrilən həyat” adlı qısametrajlı filmin nümayişi ilə başlayıb.
UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru, dosent Gülnarə Rzayeva çıxışında Heydər Əliyevin zəngin siyasi irsindən və Azərbaycanın inkişafında oynadığı müstəsna roldan bəhs edib. Bildirib ki, ölkəmizin hərtərəfli inkişafının möhkəm təməli məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində formalaşıb və onun müəyyən etdiyi strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın daha da güclənməsinə xidmət edir.
BMU-nun Ümumi fənlər kafedrasının müdiri, dosent Humeyrə Mustafayeva isə Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, dövlətçilik ənənələrinin formalaşmasında və demokratik dəyərlərin inkişafında misilsiz xidmətlərini vurğulayıb. O, Ulu Öndərin müəyyən etdiyi ideoloji və siyasi xəttin bu gün də öz aktuallığını saxladığını və gələcək nəsillər üçün mühüm istiqamətverici rol oynadığını deyib.
Tədbirdə, həmçinin BMU-nun professoru Şikar Qasımov, UNEC-in Humanitar fənlər kafedrasının müdiri, professor Vəkil Həsənov, dosent Xədicə Abbaslı, Azərbaycan dili kafedrasının dosentləri Çinarə Qəhrəmanova, Mətanət Əmrahova və Günal Səfərli çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu sahəsində xidmətləri, dil siyasəti və milli kimliyin formalaşması istiqamətində gördüyü mühüm işlər diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Maliyyə və mühasibat fakültəsinin tələbəsi Aysu Rzayeva və Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Fariz Abduləzimov Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.



