Memarlıqda erqonomik yanaşmalarla bağlı seminar və açıq dərs
18 dekabr 2025
Bakı Mühəndislik Universitetində (BMU) “Memarlıq” ixtisasının IV kurs tələbələrinin iştirakı ilə müasir memarlıqda erqonomik, duyusal yanaşmalara həsr olunan seminar və açıq dərs təşkil edilib.
BMU-nun dosenti, “Memarlıq erqonomikası” fənninin müəllimi Arzu Məmmədova çıxış edərək tələbələrin müasir memarlıqda erqonomika, məkanın duyusal qavranılması, insan-məkan münasibətləri ilə bağlı apardığı araşdırma və təhlilləri diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamət müasir şəhərsalma və memarlıq praktikası baxımından hazırda ölkəmiz üçün aktuallıq kəsb edir.
Sonra tələbələr “Memarlıq erqonomikası” fənni çərçivəsində hazırladıqları təqdimatla çıxış ediblər. Təqdimatlarda memarlıq və şəhərsalma kontekstində məkanın ruhunu formalaşdıran amillərdən, şəhərlərin özünəməxsus xarakterinin insanlarla həmin məkan arasındakı emosional bağlılığı gücləndirməsindən geniş bəhs olunub. Bildirilib ki, vizual estetikadan sonra məkanı yaşadan, ona nəfəs verən və insan hisslərinə toxunan elementlər memar və dizaynerlər üçün xüsusi əhəmiyyət daşıyır.
Gələcəyin memarları, həmçinin ötən il ölkəmizdə keçirilmiş COP29 beynəlxalq tədbiri çərçivəsində müzakirə olunan aktual mövzulara toxunub və dayanıqlı, ekoloji yönümlü memarlığın əhəmiyyətini önə çəkiblər.
Sonda müəllim və tələbələr memarlığın duyusal tərəfi, məkanın insan üzərində yaratdığı emosional təsirlər və müasir memarlıq yanaşmaları ətrafında geniş fikir mübadiləsi aparıblar.





