Memarlıq və inşaat fakültəsinə qəbul olunan yeni tələbələrlə görüş keçirilib
11 sentyabr 2026
Bakı Mühəndislik Universitetində (BMU) birinci kurs tələbələri üçün təşkil olunan növbəti tanışlıq görüşü Memarlıq və inşaat fakültəsinə yeni qəbul olunan tələbələrlə keçirilib.
Görüşdə fakültənin dekanı Nizami Əhmədov və digər əməkdaşlar iştirak ediblər. Çıxışlar zamanı tələbələrə Memarlıq və inşaat fakültəsi, burada həyata keçirilən tədris prosesi, tələbələrin elmi-tədqiqat, layihə və yaradıcılıq fəaliyyətlərinə cəlb olunması imkanları, eləcə də universitetdə yaradılmış müasir təhsil mühiti barədə məlumat verilib.
Bildirilib ki, fakültədə təhsil alacaq tələbələrin yaradıcı potensialının inkişaf etdirilməsi, müasir texnologiyalara və peşəkar proqram təminatlarına yiyələnməsi, nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsi üçün geniş imkanlar yaradılıb. Müasir maddi-texniki baza, laboratoriyalar, rəqəmsal imkanlar və layihəyönümlü tədris mühiti tələbələrin gələcəkdə əmək bazarının tələblərinə cavab verən, yaradıcı, analitik və innovativ düşüncəli, rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına xidmət edir. Tədris prosesində müasir proqram təminatlarından, innovativ texnologiya və metodlardan geniş istifadə olunur. Tələbələrin müxtəlif layihələrdə və praktiki fəaliyyətlərdə iştirakı onların peşə bacarıqlarının inkişafına, əldə etdikləri nəzəri bilikləri real tapşırıqlar üzərində tətbiq etmələrinə şərait yaradır.
Yeni tələbələrin universitet həyatına daha asan uyğunlaşması, tədris prosesinin təşkili və tələbəlik fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, tələbələrə BMU-nun elektron idarəetmə sistemi, universitetdaxili nizam-intizam qaydaları barədə ətraflı məlumat verilib.
Tələbələrin akademik və peşəkar inkişafında universitetlə tələbələr arasında əməkdaşlığın, fəal tələbəlik həyatının və əlavə inkişaf imkanlarından səmərəli yararlanmağın əhəmiyyəti də ayrıca vurğulanıb. Onlara universitetin təqdim etdiyi imkanlardan fəal istifadə etmələri, öz bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmələri tövsiyə olunub.
Tədbirin sonunda fakültənin ingilis bölmələrinə qəbul olunan tələbələrin dil bilikləri səviyyəsinə uyğun qruplarda yerləşdirilməsini və dil bacarıqlarının daha səmərəli inkişafını təmin etmək məqsədilə imtahan təşkil olunub.




