Koreyada BMU-İNHA İDP tələbələrinin iştirakı ilə şahmat yarışı
2 yanvar 2026
31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Koreya (Cənubi) Respublikasında yaşayan azərbaycanlı gənclər üçün “Solidarity in 64 Squares” adlı şahmat yarışı keçirilib. Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən dəstəklənən layihə Bakı Mühəndislik Universiteti və Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının tələbəsi (BMU-İNHA İDP) Jalə Kərimlinin təşkilatçılığı ilə baş tutub.
İNHA Universitetində keçirilən yarış Koreyada yaşayan gəncləri bir platformada birləşdirmək, milli birlik və intellektual inkişaf ideyalarını ön plana çıxarmaq məqsədi daşıyıb.
Yarışmanın nəticələrinə əsasən, “Elektrik mühəndisliyi” ixtisasının tələbələri- İbrahim İsmayılov I yer, Nəsib Əhmədov II yer və Nicat Babazadə isə III yerin qalibi olublar.
Qaliblər diplom və mükafatlarla təltif edilib.
Layihə çərçivəsində intellektual suallar bölməsi də təşkil olunub. Bu, tədbirə əlavə rəng qatmaqla yanaşı, gənclərin biliklərini nümayiş etdirmələri üçün fürsət yaradıb.
Qeyd edək ki, BMU-İNHA İDP çərçivəsində hazırda 114 tələbə IV kursu Koreyada davam etdirir.




