BMU tələbəsi: Məqsədim Azərbaycanın texnologiya sahəsində irəliləyişinə töhfə verməkdir

1 avqust 2026
BMU tələbəsi: Məqsədim Azərbaycanın texnologiya sahəsində irəliləyişinə töhfə verməkdir

Bakı Mühəndislik Universitetinin (BMU) elektronika mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Hakim Musazadə BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsilinin son ilini Cənubi Koreyada davam etdirəcək. O, “Robotex Azerbaijan-Eurasia Championship 2025” yarışında “Line Following Robot” kateqoriyası üzrə II yerə layiq görülüb. Bu nəticə tələbəyə Danimarkada keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil etmək hüququ qazandırıb. O, həmçinin AIRO 2025 yarışının “Fast Line Following Robot” kateqoriyası üzrə I yerin sahibi olub. Hakim Musazadə AZƏRTAC-a müsahibəsində ikili diplom proqramını seçmə səbəbləri, Koreyada təhsillə bağlı gözləntiləri və gələcək planları barədə danışıb.

 

- BMU-İNHA ikili diplom proqramına qoşulmağa qərar verərkən hansı amillər sizin üçün həlledici oldu?

 

- Mənim üçün proqramın ən böyük üstünlüklərindən biri zaman amilidir. Dörd il ərzində iki universitetin diplomunu əldə etmək mühəndislik təhsili alan tələbələr üçün mühüm fürsətdir. Zaman insanın ən dəyərli resursudur və bu proqram həmin resursdan daha səmərəli istifadə etməyə imkan yaradır. Digər vacib məqam isə həm Azərbaycan, həm də Koreya universitetinin məzunu olmaqdır. Bu, karyera baxımından istər yerli, istərsə də beynəlxalq əmək bazarında əlavə üstünlüklər yaradır. Eyni zamanda, Koreyada keçirəcəyimiz bir il ərzində yeni biliklər qazanmaq, beynəlxalq əlaqələr qurmaq və fərqli iş mühitini yaxından öyrənmək imkanımız olacaq.

 

- Proqrama qəbul və hazırlıq mərhələsi sizin üçün necə keçdi?

 

- Qəbul prosesi bir neçə mərhələdən ibarət idi. Dövlət İmtahan Mərkəzinin nəticələri əsas meyarlardan biri olsa da, daha sonra proqramın daxili imtahanında iştirak etdik. İmtahanda fizika, riyaziyyat və ingilis dili üzrə suallar təqdim olunurdu və bütün tapşırıqlar ingilis dilində idi. Hazırlıq zamanı əvvəlki illərin imtahan suallarını araşdırdım, texniki terminologiya və fənn bilikləri üzərində işlədim. Qısa müddətdə həm fənlər, həm də ingilis dilində texniki suallarla işləmək müəyyən çətinlik yaratsa da, sistemli hazırlıq bu mərhələni uğurla keçməyimə kömək etdi.

 

- Koreya Respublikasında təhsil almaq və ölkənin inkişaf etmiş texnologiya mühiti ilə yaxından tanış olmaq barədə gözləntiləriniz nədən ibarətdir?

 

- Koreya Respublikası elektronika və yüksək texnologiyalar sahəsində dünyanın aparıcı ölkələrindən biridir. “Samsung”, LG, “Hyundai” kimi qlobal şirkətlərin fəaliyyət göstərdiyi bir ölkədə təhsil almaq mühəndis üçün böyük üstünlükdür. Koreyada olacağım müddətdə universitetin laboratoriyalarında çalışmaq, araşdırma layihələrində iştirak etmək və müasir texnologiyalarla yaxından tanış olmaq istəyirəm. Elektronika, robototexnika və quraşdırılmış sistemlər sahəsində fəaliyyət göstərən laboratoriyalarda təcrübə qazanmaq əsas hədəflərimdəndir. Bu təcrübə peşəkar inkişafımda mühüm rol oynayacaq.

 

- Siz Koreyada təhsil aldığınız müddətdə həm Bakı Mühəndislik Universitetini, həm də Azərbaycanı təmsil edəcəksiniz. Bu baxımdan üzərinizdə hansı məsuliyyəti hiss edirsiniz?

 

- Koreyada təhsil alacaq 117 nəfərlik tələbə qrupu olaraq biz təkcə özümüzü deyil, həm də Azərbaycanı təmsil edəcəyik. Bizi orada Azərbaycan gənclərinin nümayəndələri kimi tanıyacaqlar. Bir nəfərin davranışı bütöv bir xalq haqqında təsəvvür formalaşdıra bilər. Bu baxımdan hər bir tələbə öz məsuliyyətini dərk etməli, həm ailəsinin, həm də dövlətinin layiqli təmsilçisi olmalıdır.

Həmçinin yerli mədəniyyətə və davranış normalarına hörmətlə yanaşmaq bizim uğur qazanmağımıza müsbət təsir göstərəcək.

Eyni zamanda, Azərbaycanda hələ Koreyaya getməzdən əvvəl öz üzərində çalışan, müxtəlif yarışlarda, təcrübə proqramlarında iştirak edən, hətta artıq əmək fəaliyyətinə başlayan tələbələr kifayət qədərdir. Onların öz bilik və bacarıqlarını xaricdə nümayiş etdirmələri böyük üstünlükdür. Bu, həm yeni iş imkanları qazanmağa, həm də akademik mühitdə fərqlənərək professor assistenti kimi fəaliyyət göstərməyə şərait yarada bilər.

 

- İNHA Universitetində əldə edəcəyiniz bilik və beynəlxalq təcrübəni gələcəkdə Azərbaycanda hansı istiqamətlərdə tətbiq etməyi düşünürsünüz?

 

-Təhsilimi başa vurduqdan sonra Azərbaycanda fəaliyyət göstərmək istəyirəm. Elektronika mühəndisi kimi robototexnika, quraşdırılmış sistemlər və elektronika sahələrində əldə edəcəyim bilikləri Azərbaycanda tətbiq etməyi planlaşdırıram. Xüsusilə ağıllı sistemlər, yenilənə bilən enerji həlləri və müdafiə sənayesi istiqamətlərində elektronika mühəndislərinin mühüm rol oynadığını düşünürəm. Məqsədim Koreyada qazandığım bilik və təcrübəni ölkəmizdə innovativ layihələrin inkişafına yönəltmək, Azərbaycanın mühəndislik və texnologiya sahəsində irəliləyişinə töhfə verməkdir.

BMU tələbəsi: Məqsədim Azərbaycanın texnologiya sahəsində irəliləyişinə töhfə verməkdir | BEU