BMU tələbələri üçün istehsalat müəssisəsində əyani dərs təşkil olunub

22 iyun 2026
BMU tələbələri üçün istehsalat müəssisəsində əyani dərs təşkil olunub

Bakı Mühəndislik Universitetinin (BMU) “Şərabçılıq” ixtisasının II kurs qiyabi təhsil alan tələbələri üçün “Şərabın texnologiyası-1” fənni çərçivəsində növbəti əyani dərs təşkil edilib.

 

Dərs A+CO ASC-nin “Xırdalan Şərab” müəssisəsində keçirilərək tələbələrin nəzəri biliklərinin istehsalat şəraitində möhkəmləndirilməsinə xidmət edib. “Şərabın analiz metodları və aparılma qaydaları” mövzusuna həsr olunan məşğələ zamanı tələbələr müəssisənin fəaliyyəti, istehsal prosesi və laboratoriya avadanlıqları ilə yaxından tanış olublar.

 

Şirkətin texnoloqu, eyni zamanda BMU-nun müəllimi İlkin Süleymanov əvvəlcə tələbələrə müəssisədə tətbiq olunan təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verib. 

 

Daha sonra tələbələr istehsal sahələrinə və laboratoriyalara baş çəkərək şərab istehsalında istifadə olunan analiz metodları, keyfiyyətə nəzarət prosesləri və laborator tədqiqatların aparılma qaydaları ilə tanış olublar.

 

Real istehsalat mühitində keçirilən dərs tələbələrin peşə bilik və bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, onların gələcək fəaliyyətləri üçün mühüm praktiki təcrübə qazanmasına şərait yaradıb.

BMU tələbələri üçün istehsalat müəssisəsində əyani dərs təşkil olunub | BEU