BMU tələbələri bədii yaradıcılıq müsabiqəsinin seçim turunda iştirak ediblər

3 aprel 2026
BMU tələbələri bədii yaradıcılıq müsabiqəsinin seçim turunda iştirak ediblər

Bakı Mühəndislik Universitetində (BMU) ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən bədii yaradıcılıq müsabiqə-festivalının seçim turu keçirilib.

 

Elm və Təhsil Nazirliyi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən hər il təşkil olunan bu müsabiqə tələbələrin yaradıcılıq imkanlarının genişləndirilməsi, bədii-estetik zövqünün formalaşdırılması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi və istedadlı gənclərin üzə çıxarılması məqsədinə xidmət edir. 

 

Builki seçim turunda da BMU tələbələri universitetin Bədii yaradıcılıq bölməsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın rəhbərliyi ilə bədii qiraət və musiqi ifaları ilə səhnəyə çıxıblar. Ali məktəbin rəqs özfəaliyyət kollektivi isə bədii rəhbər Səbinə Musayevanın rəhbərliyi ilə müxtəlif rəqs nömrələri nümayiş etdirib.   

 

Təqdim olunan çıxışlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Xalq artisti Gülyanaq Məmmədova, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi, şair, publisist Baba Vəziroğlu, Əməkdar artist, “Rast” Qrupunun yaradıcısı Rəşad Haşımov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Müsabiqə-festivalın mərhələlərini uğurla keçən ifaçılar yekun konsert proqramında iştirak etmək hüququ qazanacaqlar.

 

Yekun konsertin nəticələrinə uyğun olaraq festival-müsabiqənin qalibləri müəyyən ediləcək.