BMU tələbələri “Azercell”in mobil şəbəkə infrastrukturu ilə tanış olublar

19 may 2026
BMU tələbələri “Azercell”in mobil şəbəkə infrastrukturu ilə tanış olublar

Bakı Mühəndislik Universitetinin (BMU) “Radiotexnika və telekommunikasiya” ixtisası üzrə təhsil alan tələbələri üçün “Azercell” MMC-yə ekskursiya təşkil olunub. Səfərin əsas məqsədi tələbələrin mobil rabitə şəbəkəsinin fəaliyyəti, texniki idarəetmə mexanizmləri və telekommunikasiya sahəsində tətbiq olunan müasir texnologiyalar barədə praktiki biliklər əldə etməsi idi.

BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının baş müəllimi Fəxrəndə Məmmədovanın rəhbərliyi ilə keçirilən görüşdə şirkət nümayəndələri tələbələrə “Azercell”in fəaliyyət istiqamətləri, korporativ dəyərləri və texnoloji yenilikləri barədə ətraflı məlumat təqdim ediblər.

 

Ekskursiya zamanı şirkətin insan resursları departamentinin mütəxəssisi Fədayə Yaqnalıyeva “Azercell”in strategiyası, iş prinsipləri və qazandığı uğurlardan bəhs edib.

 

Sonra Şəbəkə Texnologiyaları departamentinin Keyfiyyətə nəzarət və hesabat bölümünün rəhbəri Rövşən Məmmədov mobil rabitə sistemləri, şəbəkə elementləri, baza stansiyalarının fəaliyyəti, data və səs xidmətləri, eləcə də xidmət keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı təqdimatla çıxış edib. Təqdimat zamanı tələbələr mobil texnologiyaların inkişaf tendensiyaları və müştəri tələblərinin qarşılanması üsulları haqqında məlumat əldə ediblər.

 

Ekskursiya çərçivəsində tələbələr texniki şöbələrin fəaliyyəti və real iş mühiti ilə əyani tanışlıq imkanı da qazanıblar. 

 

Görüşün sonunda onları maraqlandıran suallar cavablandırılıb.

BMU tələbələri “Azercell”in mobil şəbəkə infrastrukturu ilə tanış olublar | BEU