BMU təhsil-təlim-məşğulluq platformasında təmsil olunub

19 iyun 2026
BMU təhsil-təlim-məşğulluq platformasında təmsil olunub

Bakı Mühəndislik Universiteti (BMU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və KVET Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Təhsil-təlim-məşğulluq-sənaye: şəbəkələşmə görüşü” adlı tədbirdə öz stendi ilə təmsil olunub.

 

Tədbir çərçivəsində ali təhsil müəssisələri üçün təşkil olunan sərgidə universitetin Müəssisələrlə əlaqələr və karyera mərkəzi və Texnoparkının əməkdaşları, o cümlədən yüksək nəticə göstərən tələbələri iştirak ediblər.

 

BMU-nun təhsil proqramları, tələbələr üçün yaradılan karyera imkanları, sənaye ilə əməkdaşlıq istiqamətində həyata keçirilən layihələr, eləcə də innovasiya və sahibkarlığın inkişafına yönəlmiş fəaliyyətlər barədə iştirakçılara ətraflı məlumat verilib. Habelə tələbə və məzunların əmək bazarına inteqrasiyasına xidmət edən təşəbbüslər təqdim olunub, işəgötürənlərlə mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib. BMU Texnoparkında innovasiya ekosisteminin inkişafı, startap fəaliyyətləri və texnoloji layihələr haqqında iştirakçıların sualları cavablandırılıb. Bununla yanaşı, müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmiş tələbələrlə işəgötürənlər arasında əlaqələr qurulub. 

 

Tədbirin əsas məqsədi karyera ekosisteminin əsas tərəflərini bir araya gətirərək əmək bazarının çağırışlarına uyğun birgə həllərin formalaşdırılmasına, təhsil-məşğulluq-sənaye əməkdaşlığının gücləndirilməsinə və karyera inkişafı istiqamətində uğurlu təcrübələrin paylaşılmasına töhfə vermək olub.

 

Açılış nitqi ilə Dövlət Məşğulluq Agentliyinin sədri Hasil Abbasov, təhsil, insan kapitalının inkişafı və beynəlxalq sertifikatlaşdırma üzrə ekspert Emin Ağayev çıxış ediblər.

 

BMU əməkdaşlarının yaxından iştirak etdiyi tədbirə dövlət və özəl sektorun insan resursları üzrə rəhbər şəxsləri və mütəxəssisləri ilə yanaşı, ali təhsil müəssisələrinin karyera mərkəzlərinin rəhbərləri, karyera planlaması və peşəyönümü sahəsində fəaliyyət göstərən müəllimlər, həmçinin sənaye və istehsalat müəssisələrinin nümayəndələri qatılıblar. Tədbir çərçivəsində “Praktik bacarıqların inkişafı: nəzəri təlimdən tətbiqyönümlü hazırlığa keçid” mövzusunda panel müzakirə, həmçinin, iştirakçıların interaktivliyini təmin etmək məqsədilə intellektual komanda oyunu, eləcə də “Karyera həlləri vörkşopu” və təcrübə mübadiləsi sessiyaları keçirilib. 

 

BMU təhsil-təlim-məşğulluq platformasında təmsil olunub | BEU