BMU TEC-ə yeni sədr seçilib
19 iyun 2026
Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov tələbələrin elmi-tədqiqat fəaliyyətinin inkişafında TEC-in mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, cəmiyyətin əsas məqsədi tələbələr arasında elmə marağın artırılması, onların elmi potensialının üzə çıxarılması və innovativ ideyalarının reallaşdırılmasına şərait yaradılmasıdır.
Prorektor TEC-in son bir ildəki fəaliyyətini yüksək qiymətləndirərək müxtəlif elmi tədbirlərin təşkilindəki rolunu xüsusi qeyd edib. Ağası Məlikov gələcəkdə respublika səviyyəli tələbə konfransının keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb. Bildirib ki, belə bir təşəbbüs bakalavr tələbələrin elmi işlərinin nəşri və onların gələcək elmi fəaliyyətə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra BMU TEC-in sədri Aysu Cəbrayılova 2025-2026-cı tədris ili üzrə görülən işlərə dair hesabat təqdim edib.
Hesabat ətrafında fikir mübadiləsi aparıldıqdan sonra bakalavr təhsilini başa vurduğu üçün vəzifəsindən ayrılan Aysu Cəbrayılovaya uğurlu fəaliyyətinə görə sertifikat təqdim olunub.
İclasın növbəti hissəsində Mühəndislik fakültəsinin II kurs tələbəsi, TEC sədrinin müavini Emil Salmanovun sədr vəzifəsinə namizədliyi irəli sürülüb. Çıxış edənlər onun TEC-də qazandığı təcrübəni, uğurlu fəaliyyətini və universitetin sosial-ictimai həyatındakı fəallığını yüksək qiymətləndiriblər.
Namizəd öz fəaliyyəti və gələcək planları barədə məlumat verdikdən sonra səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, Emil Salmanov yekdilliklə BMU TEC-in yeni sədri seçilib. O, göstərilən etimadı doğrultmaq üçün TEC-in fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində çalışacağını bildirib.
Ağası Məlikov yeni sədrə fəaliyyətində uğurlar arzulayıb, cəmiyyətin universitetin elmi həyatında daha fəal rol oynaması üçün tövsiyələrini bölüşüb.
Sonda TEC-in bir qrup üzvünə bu il BMU-da keçirilən beynəlxalq elmi konfranslarda fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.






