BMU-nun Xalça emalatxanası İTV-nin MAG proqramında
3 iyun 2026
İctimai Televiziyada (İTV) yayımlanan MAG (Müasir Azərbaycan Gənci) proqramının növbəti buraxılışı Bakı Mühəndislik Universitetinin (BMU) Xalça emalatxanasına həsr olunub. “Eskiz çək, rənglə, toxu-Xalça toxumaq haqqında hər şey” adlı verilişdə Azərbaycanın zəngin xalçaçılıq ənənələri, bu sahədə peşəkar kadr hazırlığı və yaradıcılıq prosesi geniş şəkildə təqdim edilib.
Verilişdə BMU-da ötən ildən tədrisinə başlanılan “Dekorativ-tətbiqi sənət” ixtisası haqqında ətraflı məlumat verilib, tələbələrin xalçaçılıq sahəsində qazandıqları nəzəri və praktiki biliklər, həmçinin Xalça emalatxanasında keçirilən dərs prosesindən görüntülər nümayiş olunub.
MAG-ın bu buraxılışında BMU-nun Dizayn kafedrasının müdiri Vaqif Məmmədov və kafedranın baş müəllimi Minaxanım Hüseynova ilə müsahibələr də yer alıb. Müsahibələrdə xalçaçılıq sənətinin qorunması, gənclər arasında bu sahəyə marağın artırılması, eləcə də dekorativ-tətbiqi sənətin tədrisində praktik məşğələlərin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
Reportaj bir daha nümayiş etdirib ki, BMU-da xalçaçılıq yalnız bir sənət növü kimi deyil, həm də milli-mədəni dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi missiyası kimi tədris olunur.


