BMU-nun təhsil imkanları Naxçıvan məktəblərində təqdim olunub

20 may 2026
BMU-nun təhsil imkanları Naxçıvan məktəblərində təqdim olunub

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müxtəlif orta məktəblərdə abituriyentlərlə görüşlər keçiriblər. Görüşlərin əsas məqsədi şagirdləri universitetin müasir təhsil imkanları, ixtisas seçimləri və beynəlxalq proqramlar barədə məlumatlandırmaq olub.

 

Maarifləndirici görüşlər Naxçıvan şəhəri 7 saylı, Babək rayonu 1 saylı, Şahbuz rayonu 1 saylı, Culfa rayonu 3 saylı  və Ordubad rayonu 3 saylı orta məktəblərdə təşkil olunub.

 

Görüşlərdə öncə BMU haqqında tanıtım videosu nümayiş etdirilib. 

 

Sonra universitetin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov və Mühəndislik fakültəsinin dekanı Asif Quliyev abituriyentlər qarşısında çıxış ediblər.

 

Görüşlər zamanı abituriyentlərə BMU-da mövcud olan və açılan yeni ixtisaslar, innovativ təhsil infrastrukturu, universitetin beynəlxalq əlaqələri, Çin və Cənubi Koreya ilə gerçəkləşdirilən ikili diplom proqramları, SABAH qrupları və məzunların işlə təmin olunması istiqamətində həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. BMU-da tələbələrin innovativ layihələrə cəlbi, praktiki bacarıqlarının inkişaf etdirilməsi və sənaye ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Həmçinin ali məktəbin müasir infrastruktura malik kampusu, yüksək texnologiyalarla təchiz olunmuş laboratoriyaları, auditoriyaları, kitabxanası, tələbə yataqxanası və sosial mühiti barədə də məlumat verilib. Bildirilib ki, universitet kampusu tələbələrin həm keyfiyyətli təhsil alması, həm də şəxsi inkişafı üçün əlverişli imkanlar təqdim edir.

 

Görüşlərin yüksək səviyyədə təşkili və koordinasiyasında Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Təhminə Mustafayeva, Babək Rayon Təhsil Şöbəsinin müdiri Sahil Əlizadə, Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Elşən Babayev, Culfa Rayon Təhsil Şöbəsinin müdiri Murad Hümbətov və Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov yaxından dəstək göstəriblər.

 

Çıxış edənlər BMU məzunlarının əmək bazarında rəqabətqabiliyyətli kadrlar kimi formalaşdığını, onların yerli və beynəlxalq şirkətlərdə uğurla fəaliyyət göstərdiklərini vurğulayıblar. 

 

Abituriyentlərin universitet və ixtisas seçimi ilə bağlı sualları cavablandırılıb, onlara qəbul prosesi və gələcək karyera imkanları barədə tövsiyələr verilib.

 

Görüşlər şagirdlər tərəfindən maraqla qarşılanıb və interaktiv müzakirələr şəraitində davam edib. 

BMU-nun təhsil imkanları Naxçıvan məktəblərində təqdim olunub | BEU