BMU-nun müəllim-tələbə heyəti mübadilə proqramı çərçivəsində Özbəkistanda olub

29 may 2026
BMU-nun müəllim-tələbə heyəti mübadilə proqramı çərçivəsində Özbəkistanda olub

Bakı Mühəndislik Universitetinin (BMU) bir qrup müəllim və tələbəsi  Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universiteti (TIFT) ilə həyata keçirilən  mübadilə proqramı çərçivəsində Özbəkistan ali təhsil müəssisəsində akademik və praktiki tədbirlərdə iştirak ediblər. 

 

Səfərin əsas məqsədi iki ali təhsil müəssisəsi arasında akademik əlaqələrin möhkəmləndirilməsi, tələbələrin  təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlıq istiqamətlərinin inkişafına töhfə verməkdir.

 

Proqram çərçivəsində BMU tələbələri TIFT-də tədris prosesi və universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar. Eyni zamanda müxtəlif ixtisaslar üzrə keçirilən mühazirə və seminar dərslərinə qatılıb, elmi-praktiki müzakirələrə qoşulublar. Bununla yanaşı, tələbələr üçün universitetin beynəlxalq əməkdaşlıq fəaliyyəti, təhsil imkanları və tələbə həyatı barədə təqdimatlar keçirilib. Müxtəlif görüş və tədbirlər tələbələrin həm peşəkar biliklərinin artırılmasına, həm də ölkənin təhsil və mədəniyyət mühitini yaxından tanımasına şərait yaradır.

 

Məlumat üçün bildirək ki, ötən ilin əvvəlində BMU ilə TIFT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd tədris, təhsil və elmi-tədqiqat sahələrində qarşılıqlı marağın artırılması, birgə layihələrin həyata keçirilməsi, akademik təşəbbüslərin hazırlanması, həmçinin müəllim və tələbə mübadilə proqramlarının reallaşdırılmasını nəzərdə tutur.

 

Bundan əvvəl də hər iki universitetin müəllim və tələbə heyəti mübadilə proqramı əsasında qarşılıqlı səfərdə olub, müxtəlif akademik görüşlərdə, təlim və praktiki fəaliyyətlərdə iştirak edib.

BMU-nun müəllim-tələbə heyəti mübadilə proqramı çərçivəsində Özbəkistanda olub | BEU