BMU-nun laboratoriyası aqrar təsərrüfatlarda elmi əsaslı qərarların qəbuluna imkan yaradır

9 sentyabr 2026
BMU-nun laboratoriyası aqrar təsərrüfatlarda elmi əsaslı qərarların qəbuluna imkan yaradır

Bakı Mühəndislik Universitetində (BMU) bu ildən fəaliyyət göstərən Torpaq, su və bitki analizləri laboratoriyası aqrar sahədə elmi-tədqiqat və tətbiqi fəaliyyətin inkişafına, torpaq, su və bitki nümunələrinin elmi əsaslarla qiymətləndirilməsinə, eləcə də fermer və təsərrüfat subyektlərinin düzgün aqrotexniki qərarlar qəbul etməsinə dəstək göstərir.

 

Müasir avadanlıqlarla təchiz olunan laboratoriyada kompleks aqrokimyəvi analizləri aparılır, əldə olunan nəticələr əsasında mövcud vəziyyət və potensial problemləri müəyyənləşdirilərək elmi əsaslarla qiymətləndirilir. Analiz nəticələri torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bitkilərin qida elementləri ilə təminatının optimallaşdırılması və aqrar istehsalın məhsuldarlığının artırılması istiqamətində müvafiq elmi-praktiki tövsiyələrin hazırlanmasına əsas yaradır.

 

Artıq laboratoriyaya fermerlər, kənd təsərrüfatı müəssisələri və digər maraqlı tərəflər tərəfindən müraciətlər daxil olur. Təqdim edilən nümunələrin laborator şəraitdə təhlili əsasında torpağın qida elementləri ilə təminat səviyyəsi, suvarma suyunun aqrotexniki baxımdan yararlılığı və bitkilərin qidalanma vəziyyəti müəyyən edilir. 

 

Torpaq analizləri zamanı torpağın pH göstəricisi, əhənglilik, duzluluq və humus miqdarı, həmçinin fosfor, kalium, natrium, kalsium, maqnezium, dəmir, mis, sink, manqan və bor daxil olmaqla makro və mikroelementlərin səviyyəsi müəyyənləşdirilir. Bu göstəricilər torpağın aqrokimyəvi vəziyyətinin və münbitlik səviyyəsinin qiymətləndirilməsi, qida elementlərinin çatışmazlığı və ya artıqlığının müəyyən edilməsi, eləcə də konkret təsərrüfat şəraitinə uyğun gübrələmə sisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Laboratoriyada suvarma sularının fiziki və fiziki-kimyəvi göstəricilərinin müəyyənləşdirilməsi də həyata keçirilir. Su nümunələrinin analizi suyun keyfiyyətinin qiymətləndirilməsinə, onun kənd təsərrüfatında istifadəyə yararlılığının müəyyən edilməsinə, torpaqların şorlaşması və digər aqrokimyəvi problemlərlə bağlı risklərin vaxtında qiymətləndirilməsinə, habelə optimal suvarma rejiminin müəyyənləşdirilməsinə elmi əsas yaradır.

 

Bitki nümunələrinin analizi isə bitkilərin əsas qida elementləri ilə təminat vəziyyətinin qiymətləndirilməsinə imkan verir. Analizlərin nəticələri bitkilərin vegetativ və generativ inkişaf xüsusiyyətlərinin nəzərə alınması, qida elementlərinə olan tələbatın müəyyənləşdirilməsi, uyğun gübrələrin seçilməsi və onların tətbiq normalarının elmi əsaslarla müəyyən edilməsi baxımından əhəmiyyətlidir.

 

Laboratoriya, eyni zamanda, BMU tələbələrinin nəzəri biliklərini praktiki bacarıqlara çevirməsi, müasir laboratoriya avadanlıqları ilə işləmək təcrübəsi qazanması və real elmi-tədqiqat proseslərində iştirak etməsi üçün mühüm baza rolunu oynayır. Burada tələbə və tədqiqatçılar aqrokimya, torpaqşünaslıq, bitki qidalanması və digər əlaqəli istiqamətlər üzrə tətbiqyönümlü araşdırmalar apara, əldə olunan nəticələri real aqrar təsərrüfatlarda sınaqdan keçirə bilirlər. Bu isə elmi nəticələrin praktikaya tətbiqinə, universitetin aqrar sektorla əlaqələrinin genişlənməsinə və elmi-tədqiqat fəaliyyətinin real təsərrüfat ehtiyacları ilə əlaqələndirilməsinə şərait yaradır.

 

Torpaq, su və bitki analizlərinin nəticələrinin təsərrüfat fəaliyyətində nəzərə alınması fermerlərə aqrar istehsalla bağlı qərarları daha düzgün və elmi əsaslarla qəbul etməyə imkan verir. Bu yanaşma torpaq münbitliyinin qorunması və bərpasına, gübrə və su resurslarından səmərəli istifadəyə, istehsal xərclərinin optimallaşdırılmasına, aqrokimyəvi risklərin azaldılmasına və məhsuldarlığın artırılmasına töhfə verir.

 

BMU-da elmi-tədqiqat və tətbiqi fəaliyyətin inkişafı məqsədilə yaradılan laboratoriya universitetin aqrar sektorla əməkdaşlığının genişləndirilməsi, elmi potensialın praktiki problemlərin həllinə yönəldilməsi və tədqiqat nəticələrinin real təsərrüfatlarda tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Laboratoriyanın fəaliyyəti elmi yanaşmaların aqrar praktikaya tətbiqinə və innovativ həllərin təşviqinə yeni imkanlar yaradır.

 

Laboratoriyanın fəaliyyəti və analiz xidmətləri barədə ətraflı məlumatı aşağıdakı sosial şəbəkə hesablarından əldə etmək mümkündür:

 

https://www.instagram.com/bmu.aqrokimya.lab/

 

facebook.com/bmu.aqrokimya.lab

 

BMU-nun laboratoriyası aqrar təsərrüfatlarda elmi əsaslı qərarların qəbuluna imkan yaradır | BEU