BMU-nun BRAUIC-a üzvlüyü yeni tərəfdaşlıq imkanları yaradır

23 oktyabr 2026
BMU-nun BRAUIC-a üzvlüyü yeni tərəfdaşlıq imkanları yaradır

Bakı Mühəndislik Universiteti (BMU) Çin Xalq Respublikasının Cinan şəhərində Şandun İnşaat Universitetinin ev sahibliyi ilə keçirilən Bir Kəmər, Bir Yol Memarlıq Universitetləri Beynəlxalq Konsorsiumunun (BRAUIC) 10-cu beynəlxalq konfrans və forumunda təmsil olunub.

 

İkigünlük tədbir çərçivəsində BMU-nun nüfuzlu konsorsiuma üzvlüyü rəsmiləşdirilib və elan edilib.

 

2017-ci ildə yaradılmış BRAUIC memarlıq, inşaat və mühəndislik sahələrində ali təhsil müəssisələri arasında elmi-texniki əməkdaşlığın, innovasiyaların və akademik mübadilənin inkişafını təşviq edən beynəlxalq platformadır. Konsorsium hazırda 33 ölkə və regiondan 101 üzv qurumu birləşdirir. Üzvlər arasında Çin, Rusiya, Fransa, Böyük Britaniya, ABŞ, İtaliya, Avstraliya və Braziliya da daxil olmaqla, dünyanın müxtəlif ölkələrini təmsil edən universitetlər, elmi-tədqiqat müəssisələri və digər təşkilatlar yer alır. 

 

Azərbaycanın Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri olması ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafına zəmin yaradıb. Bu kontekstdə BMU-nun BRAUIC-a üzvlüyü Azərbaycan-Çin əlaqələrinin ali təhsil, elm və innovasiya sahələrində genişləndirilməsi, eləcə də beynəlxalq akademik tərəfdaşlıqların inkişafı baxımından mühüm önəm kəsb edir.

 

BMU-nun konsorsiuma üzvlüyü universitetin beynəlxalq akademik şəbəkəyə inteqrasiyası, xarici tərəfdaşlarla elmi əlaqələrin qurulması və mühəndislik təhsili sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu çərçivədə birgə elmi-tədqiqat layihələrinin hazırlanması, akademik mübadilə, beynəlxalq elmi tədbirlərdə iştirak, tədris metodlarının təkmilləşdirilməsi və innovativ texnologiyalar sahəsində əməkdaşlıq üçün imkanlar yaranır. Vurğulamaq vacibdir ki, konsorsiumun fəaliyyət istiqamətləri arasında şəhər və regional planlaşdırma, mülki mühəndislik, ağıllı tikinti texnologiyaları, bərpaolunan enerji, ağıllı şəhərlər, robototexnika, süni intellekt və mədəni irsin rəqəmsallaşdırılması kimi aktual sahələr də yer alır. Bu istiqamətlər müvafiq ixtisaslar üzrə təhsil və tədqiqat fəaliyyətinin beynəlxalq təcrübə ilə əlaqələndirilməsi, elmi tərəfdaşlıqların inkişaf etdirilməsi və yeni layihələrin hazırlanması baxımından potensial əməkdaşlıq sahələridir. 

 

Beləliklə, BRAUIC-a üzvlük BMU üçün mühüm nailiyyət olmaqla, mühəndislik və əlaqəli sahələr üzrə beynəlxalq akademik təcrübənin öyrənilməsinə, elmi-tədqiqat potensialının gücləndirilməsinə və konsorsiuma üzv universitetlərlə yeni əməkdaşlıq əlaqələrinin qurulmasına geniş imkanlar yaradır. BMU-nun qısa müddət ərzində konsorsiumun üzvləri sırasına qoşulması isə universitetin beynəlxalq akademik məkana inteqrasiyası və əməkdaşlıq coğrafiyasının genişləndirilməsi istiqamətində əhəmiyyətli addımdır.

BMU-nun BRAUIC-a üzvlüyü yeni tərəfdaşlıq imkanları yaradır | BEU