BMU müəllimi beynəlxalq elmi nəşr mövzusunda təlim keçib
12 may 2026
Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevda Hüseynova Mingəçevir Dövlət Universitetinin alim və tədqiqatçıları üçün “Cambridge Core Platformasında Nəşr: Cambridge University Press ilə Real Təcrübəyə Söykənən Praktik Təcrübə (Publishing in Cambridge Core: A Practical Journey Based on Real Experience with Cambridge University Press) mövzusunda təlim keçib.
Təlim zamanı iştirakçılara Cambridge Core elmi bazasında nəşr imkanları, uyğun jurnal seçimi, məqalələrin hazırlanması və beynəlxalq elmi bazalarda indekslənmə prosesləri barədə ətraflı məlumat verilib. Sevda Hüseynova Cambridge University Press ilə əməkdaşlıq təcrübəsi əsasında elmi məqalənin nəşrə hazırlanması və uğurlu nəşr mərhələlərini praktik nümunələrlə təqdim edib.
Təlim çərçivəsində müəllifin Q1 kvartilli jurnalda dərc olunan elmi məqaləsinin Cambridge Core, Scopus və Web of Science bazalarında indekslənməsi prosesi də nümunə kimi iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Sevda Hüseynovanın elmi məqaləsi Cambridge University Press nəşriyyatı tərəfindən nəşr olunan, “Camridge Core” platformasına daxil olan nüfuzlu “Iranian Studies” jurnalında dərc edilib. Məqalə Elm və Təhsil Nazirliyi ilə Böyük Britaniyanın aparıcı akademik nəşriyyatı Cambridge University Press arasında bağlanmış razılaşma çərçivəsində işıq üzü görüb. Razılaşmaya əsasən, Azərbaycan alimləri 3 il ərzində adıçəkilən nəşriyyat tərəfindən nəşr olunan yüksək impakt faktorlu, hibrid və “gold” açıq əlyetərli (Open Access) jurnallarda limitsiz sayda məqalə dərc etdirmək imkanı qazanıb. Bu əməkdaşlıq modeli alimlərin beynəlxalq elmi şəbəkələrə inteqrasiyasını gücləndirir və ölkənin elmi potensialının tanıdılmasına xidmət edir.

