BMU-İNHA İDP tələbələri robot olimpiadasında uğur qazanıblar
12 mart 2026
Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri Fibonacci Beynəlxalq Robot Olimpiadasının Azərbaycan mərhələsində müxtəlif kateqoriyalar üzrə yüksək nəticələr əldə ediblər.
Yarışmada İDP-nin “Elektronika mühəndisliyi” ixtisasının III kurs tələbəsi Hakim Musazadənin təmsil olunduğu komanda “Mega Sumo” kateqoriyasında birinci yerə layiq görülüb. Komanda növbəti mərhələdə Antalyada keçiriləcək tura vəsiqə qazanıb.
İDP-nin “Elektronika mühəndisliyi” ixtisasının III kurs tələbəsi Tahirə Bəylərovanın üzvü olduğu komanda “Maze” kateqoriyasında 11 saniyəyə labirinti tamamlayaraq birinci yerin sahibi olub. Bu ixtisasın digər III kurs tələbəsi Ülkər Rəhimlinin iştirak etdiyi komanda isə “Line Follower” kateqoriyasında 27 saniyəyə verilmiş xəritəni bitirərək üçüncü yerə layiq görülüb.
Olimpiadada dünyanın nüfuzlu universitetlərindən-University of Toronto, University of Bologna, University of Edinburgh, Lazarski University və University College London, eləcə də Türkiyənin bir sıra aparıcı ali məktəblərinin professorları qonaq qismində iştirak edib, texnologiya sahəsində yeni trendləri diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin müxtəlif dövlət qurumları və təşkilatların nümayəndələri iştirak edərək texnologiya, eləcə də təhsilin gələcəyi ilə bağlı düşüncələrini bölüşüblər.
Qeyd edək ki, Fibonaççi Beynəlxalq Robot Olimpiadasının növbəti mərhələsi 22-26 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək. Final mərhələsinin isə İtaliyada baş tutması planlaşdırılır.