BMU-İNHA İDP-nin yeni tələbələri ilə tanışlıq görüşü təşkil olunub

11 sentyabr 2026
BMU-İNHA İDP-nin yeni tələbələri ilə tanışlıq görüşü təşkil olunub

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) 2026/2027-ci tədris ili üzrə qəbul olunan tələbələr və onların valideynləri ilə tanışlıq görüşü təşkil edilib.

 

Tədbir yeni tələbələri BMU-İNHA İDP-nin fəaliyyəti, tədris prosesi, akademik gözləntilər və universitet mühiti ilə bağlı məlumatlandırmaq, eləcə də onları proqram rəhbərliyi və heyəti ilə tanış etmək məqsədi daşıyıb.

 

Tədbiri giriş sözü ilə açan BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli tələbələri uğurlu qəbul münasibətilə təbrik edib. O, proqramın hər iki universitetin akademik resurslarından yararlanmaq, müasir texnologiyalara yiyələnmək və beynəlxalq səviyyəli karyera qurmaq üçün geniş imkanlar açdığını vurğulayıb.

 

İDP üzrə layihə direktoru Kanq Hansung builki qəbul prosesində yüksək rəqabətin müşahidə olunduğunu diqqətə çatdırıb. Eyni zamanda proqrama güclü hazırlığa malik abituriyentlərin seçildiyini qeyd edərək, texnologiya yönümlü ixtisaslara artan marağı müsbət hal kimi dəyərləndirib və məzunların gələcək perspektivlərindən danışıb.

 

Görüşdə tələbələr BMU-İNHA İDP Rəhbər Komitəsinin üzvləri və İDP komandası ilə tanış edilib, təhsil müddətində onlara hərtərəfli akademik və təşkilati dəstəyin göstəriləcəyi bildirilib. 

 

Digər çıxışlar zamanı tədris dili, fənlər, tələbə həyatı və nizam-intizam qaydaları, eləcə də proqram tələbələri və məzunlarının əldə etdiyi uğurlar barədə ətraflı təqdimat olunub.

 

Sonda tələbə və valideynləri maraqlandıran suallar cavablandırılıb, yeni tələbələrə ilk tədris ilində akademik uğurlar arzulanıb.

 

Qeyd edək ki, 2026/2027-ci tədris ilində BMU-İNHA İDP üzrə “İnformasiya texnologiyaları”, “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası/Data elmləri” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarına ayrılmış yerlər tam dolub.

 

BMU-İNHA İDP-nin yeni tələbələri ilə tanışlıq görüşü təşkil olunub | BEU