BMU heyəti Çində yay məktəbi çərçivəsində tarixi və mədəni irslə tanış olub

13 iyul 2026
BMU heyəti Çində yay məktəbi çərçivəsində tarixi və mədəni irslə tanış olub

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Çin Xalq Respublikasının Pekin İnşaat və Memarlıq Universitetində (BUCEA)  “Ağıllı şəhərlər üzrə Beynəlxalq Yay Məktəbi” (International Summer School on Smart Cities)  proqramı çərçivəsində təşkil olunan mədəniyyət və tarix yönümlü tədbirlərdə iştirak ediblər.

 

Tələbələr Çinin ənənəvi dekorativ-tətbiqi sənət növlərindən biri olan Xuanzi rəngkarlığı üzrə ustad dərsinə qatılıblar. Təlim zamanı onlar qədim Çin ornamental sənətinin xüsusiyyətləri, rəng harmoniyası və simvolik naxışların hazırlanma texnikası ilə tanış olub, təcrübəli ustaların rəhbərliyi altında öz əl işlərini hazırlayıblar. 

 

BMU tələbələri mədəni proqram çərçivəsində Pekinin tarixi memarlıq abidələrindən olan Baraban Qülləsi və Zəng Qülləsi kompleksini də ziyarət ediblər. Yuan sülaləsi dövründə inşa edilən bu tarixi tikililər əsrlər boyu şəhərdə rəsmi vaxtın müəyyənləşdirilməsi və ictimai həyatın tənzimlənməsində mühüm rol oynayıb. Ekskursiya zamanı iştirakçılar qədim Pekinin şəhərsalma quruluşu, memarlıq xüsusiyyətləri və zəngin tarixi irsi haqqında ətraflı məlumat əldə ediblər.

 

Sonra Pekinin ən məşhur tarixi küçələrindən biri sayılan Nanluoqusyanq tarixi küçəsi ilə tanışlıq olub. Ənənəvi hutonq yaşayış məhəllələrinin qorunub saxlanıldığı bu məkan qədim Çin memarlığı ilə müasir şəhər həyatının vəhdətini əks etdirir. Gəzinti zamanı iştirakçılar yerli mədəniyyət, milli mətbəx, sənətkarlıq nümunələri və şəhərin gündəlik həyatı ilə yaxından tanış olmaq imkanı qazanıblar.

 

Tələbələrin iştirak etdiyi mədəni proqram beynəlxalq yay məktəbinin tədris prosesini zənginləşdirən mühüm komponentlərdən biri olub. Tarixi-mədəni ekskursiyalar və tətbiqi yaradıcılıq məşğələləri tələbələrin Çin mədəniyyəti, memarlığı və şəhərsalma ənənələri barədə biliklərini genişləndirməklə yanaşı, onların fərqli mədəni mühitlərdə ünsiyyət və əməkdaşlıq bacarıqlarının inkişafına, müxtəlif ölkələrdən olan iştirakçılar arasında qarşılıqlı anlaşma və təcrübə mübadiləsinin güclənməsinə də töhfə verib. 

 

Qeyd edək ki, BMU ilə BUCEA arasında əməkdaşlıq çərçivəsində universitetin müəllim və tələbələrindən ibarət nümayəndə heyəti qısamüddətli akademik mübadilə proqramında iştirak məqsədilə Pekində səfərdədir.

BMU heyəti Çində yay məktəbi çərçivəsində tarixi və mədəni irslə tanış olub | BEU