BMU Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənclər Forumunda təmsil olunub
5 oktyabr 2026
Bakı Mühəndislik Universiteti (BMU) “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumunda təmsil olunub.
Forum çərçivəsində “Dayanıqlı şəhərlər üçün yeni baxış və yerli həllər” mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə BMU-nun Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov çıxış edib. Müzakirədə, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova və “FounderDNA” şirkətinin təsisçisi Ayfra Manto iştirak ediblər.
Müzakirə zamanı dayanıqlı şəhərlərin formalaşdırılmasında müasir şəhərsalma yanaşmaları, yerli xüsusiyyətlərin nəzərə alınması, ictimai məkanların inkişafı, şəhər mühitinin əlçatanlığı və innovativ həllərin tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə BMU Texnoparkının startap rezidenti olan “The Bioplastic” layihəsi də nümayiş etdirilib. Mühəndislik fakültəsinin “Kimya” ixtisası üzrə 3-cü kurs tələbələri Mirsadiq Miriyev və Orxan Əhmədzadədən ibarət komanda tərəfindən hazırlanan layihə bioparçalanan və ətraf mühitə dost alternativ materialların istehsalını hədəfləyir. Layihənin əsas məqsədi plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə vermək və daha dayanıqlı material həllərinin tətbiqini təşviq etməkdir.
BMU-nun forumda iştirakı universitetin dayanıqlı inkişaf istiqamətində akademik biliklərin, şəhərsalma üzrə müasir yanaşmaların və tələbə innovasiyalarının bir araya gətirilməsinə verdiyi önəmi nümayiş etdirib.


