BMU-da “World Robot Caspian Cup 2026” yarışı ilə bağlı infosessiya

25 dekabr 2025
BMU-da “World Robot Caspian Cup 2026” yarışı ilə bağlı infosessiya

Bakı Mühəndislik Universitetində (BMU) 2026-cı ildə ilk dəfə olaraq ölkəmizdə keçiriləcək “World Robot Caspian Cup 2026” (WRCC) beynəlxalq robotexnika yarışı ilə bağlı tələbələr üçün infosessiya təşkil olunub. 

 

İnfosessiyada BMU Texnoparkının müdiri Vüsal Süleymanlı və Tələbə Elmi Cəmiyyətinin sədri Aysu Cəbrayılova açılış nitqləri ilə çıxış edərək bu kimi beynəlxalq yarışların gənclərin innovasiya ekosisteminə inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, belə layihələrdə iştirak tələbələrin elmi-texniki potensialının inkişafına və beynəlxalq təcrübə qazanmasına mühüm töhfə verir. 

 

İştirakçılara mövzu ilə bağlı videoçarx təqdim olunduqdan sonra Azərbaycan Robotexnika Mühəndislik Akademiyasının (AREA) layihə koordinatoru Lalə Qurbanova, hakim və hakim köməkçiləri üzrə təlimçi Ayla Ağayeva və layihədə təşkilat sahə üzrə təcrübəçi Nübar Quluzadə turnirlə bağlı geniş təqdimat ediblər. Bildirilib ki, dövlət və özəl qurumlarının dəstəyi və AREA-nın təşkilatçılığı ilə reallaşdırılacaq yarış Türk Dövlətləri Təşkilatı, Xəzəryanı və İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin bir araya gələcəyi ən böyük robotexnika və innovasiya platforması kimi həyata keçiriləcək. Layihənin əsas məqsədi robotexnika, dron texnologiyaları, süni intellekt sahələrində ixtisaslaşmış tələbələri bir platformada birləşdirmək, onları beynəlxalq yarışlara hazırlamaq, universitetlər arasında elmi texniki əməkdaşlığı gücləndirmək və texnoparkların inkişafına dəstək verməkdir. 

 

İnfosessiya zamanı yarışın strukturu, komanda formalaşdırılması, seçim mərhələləri, iştirak imkanları barədə iştirakçılara məlumatlar təqdim olunub.

 

Yarışa qatılmaq istəyənlər aşağıdakı link vasitəsilə müraciət edə bilərlər:

 

 (https://docs.google.com/forms/d/e/1FAIpQLSevpIYRbQuZF2wQFP4U1PsK-qOpuaXFEKwC2QsnhdFhFPjSQQ/viewform?usp=header).

BMU-da “World Robot Caspian Cup 2026” yarışı ilə bağlı infosessiya | BEU