BMU-da tələbələr üçün “Azərsun Karyera Günü"
12 mart 2026
Bakı Mühəndislik Universitetində (BMU) Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə “Karyerana Azərsun ilə başla” adlı tədbir keçirilib.
Tədbirin açılışında çıxış edən mərkəzin müdiri Gülçöhrə İbrahimova “Azərsun Karyera Günü"nün tələbələr üçün yaratdığı imkanları vurğulayıb. Bildirilib ki, mütəxəssislərlə görüşlər tələbələr üçün iş dünyası ilə birbaşa əlaqə qurmaq, karyera planlarını daha düzgün formalaşdırmaq və gələcək iş imkanlarını yaxından tanımaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonra “Azərsun Holdinq” şirkətinin İstedadların cəlbi üzrə baş mütəxəssisləri Fidan Qədiməliyeva Əsədova və Merac Baharov təqdimatla çıxış ediblər. Çıxışlarda holdinq haqqında ümumi məlumat verilib, tabeliyində fəaliyyət göstərən müəssisələr, onların fəaliyyət istiqamətləri, eləcə də şirkətin həyata keçirdiyi müxtəlif layihələr barədə danışılıb.
Görüş zamanı tələbələrə holdinqdə təcrübə və iş imkanları barədə ətraflı informasiyalar çatdırılıb. Qeyd olunub ki, şirkət yuxarı kurs və magistratura tələbələrinə STEP proqramında iştirak təklif edir. Proqram çərçivəsində iştirakçılar 6 aylıq təlimə cəlb olunur, müxtəlif sahələr üzrə praktiki biliklərə yiyələnərək fərdi layihələr üzərində çalışır və sonda uğurlu layihələrin maliyyələşdirilməsi imkanları nəzərdən keçirilir.
Müzakirələr və karyera məsləhətləri ilə davam edən tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.




