BMU-da “TEC nədir?” mövzusunda tədbir keçirilib
29 sentyabr 2026
Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyətinə həsr olunmuş “TEC nədir?” mövzusunda tədbir keçirilib.
Tədbirin əsas məqsədi I kurs tələbələrini TEC-in fəaliyyəti, strukturu və yaratdığı imkanlarla yaxından tanış etmək, onların elmə və innovasiyaya marağını artırmaq, elmi araşdırma aparmaq bacarıqlarının inkişafına dəstək vermək olub.
Tədbirdə BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağasi Məlikov çıxış edərək tələbəlik dövründə elmi-tədqiqat fəaliyyətinə marağın formalaşdırılmasının əhəmiyyətindən danışıb. Prorektor tələbələrin universitetdə əldə etdikləri nəzəri bilikləri tədqiqat fəaliyyəti ilə birləşdirmələrinin, müxtəlif elmi mövzular üzərində işləmələrinin və yeni ideyalar irəli sürmələrinin vacibliyini vurğulayıb. Qeyd edib ki, tələbələrin elmi fəaliyyətə erkən mərhələdən cəlb olunması onların analitik və tənqidi düşünmə, araşdırma aparma, ortaya çıxan nəticələri təqdim etmə bacarıqlarının inkişafına mühüm töhfə verir. Ağasi Məlikov I kurs tələbələrini onları maraqlandıran elmi istiqamətlər üzrə araşdırmalar aparmağa və universitetin elmi mühitində fəal iştirak etməyə çağırıb.
Daha sonra BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov, Texnoparkın Texnoloji Transfer Mərkəzinin müdiri Bünyamin Seyidov, TEC-in elmi rəhbəri Bəhman Məmmədov, Bədii yaradıcılıq bölməsinin rəhbəri Zəminə Axundova və TEC-n sədri Emil Salmanov çıxış ediblər. Çıxışlarda tələbələrə TEC-in fəaliyyət istiqamətləri, qarşıya qoyulan məqsədlər və tələbələr üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, TEC tələbələrin elmi fəaliyyətə cəlb olunması, tədqiqatçılıq bacarıqlarının inkişaf etdirilməsi və onların universitetin elmi mühitində fəal iştirakının təmin olunması baxımından mühüm platformadır.
Tələbələrin elmi məqalə və tezislər hazırlaması, müxtəlif elmi konfrans, müsabiqə və layihələrdə iştirak etməsi, eləcə də öz elmi ideyalarını reallaşdırması üçün universitetdə yaradılan imkanlar diqqətə çatdırılıb. Qeyd olunub ki, BMU-da tələbələrin innovativ ideyaları və startap təşəbbüsləri dəstəklənir və bu istiqamətdə onların gələcək layihələrini inkişaf etdirmələri üçün müvafiq şərait mövcuddur.
Çıxışlarda tələbələrin elmi fəaliyyətlə yanaşı, yaradıcılıq potensiallarını üzə çıxarmaları üçün ali məktəbin təqdim etdiyi imkanlardan yararlanmalarının əhəmiyyəti də vurğulanıb.
Tədbir çərçivəsində fakültələr üzrə TEC sədrləri də tələbələrə təqdim olunub. Eyni zamanda elmi məqalə və tezislərin hazırlanması, tədqiqat mövzusunun seçilməsi, tədqiqat nəticələrinin təqdimatı ilə bağlı iştirakçıların sualları cavablandırılıb.
Tədbir BMU-nun özfəaliyyət kollektivinin təqdim etdiyi bədii proqramla başa çatıb.






