BMU-da süni intellektlə dəstəklənən tədris layihəsinin nəticələri müzakirə olunub
7 yanvar 2026
Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində elmi-metodik seminar keçirilib. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 4-cü istiqamətə (Keyfiyyətli təhsil) uyğun olaraq təşkil edilən seminarda Yaradıcı Süni İntellekt (YSİ) alətlərinin tətbiqi üzrə reallaşdırılan layihənin nəticələri müzakirə olunub.
Seminarın açılışında fakültənin dekanı Nəsimi Kamalov çıxış edərək layihənin BMU və Azərbaycan Dövlət İqtisad Universitetində pilot olaraq həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, layihə çərçivəsində fakültədə 4 qrup üzrə dərslər YSİ alətlərinin tətbiqi ilə aparılıb, qiymətləndirmə qaydalarına uyğun olaraq tələbələr arasında sorğu keçirilib və nəticələrə əsasən, böyük əksəriyyət dərslərin səmərəliliyini yüksək qiymətləndirib.
Sonra layihənin universitetdə tətbiqində əməyi olan Maliyyə və mühasibatlıq kafedrasının professoru Saleh Məmmədov geniş məruzə ilə çıxış edib. O, Copilot, Grok AI, ChatGPT, DeepSeek AI, Gemini, ROWs, Triplex və digər yaradıcı süni intellekt alətlərinin tədrisə inteqrasiyasının ali təhsildə innovasiya, keyfiyyət və praktik fayda baxımından mühüm üstünlüklər yaratdığını vurğulayıb. Bildirilib ki, YSİ ilə dəstəklənən dərslər tələbələrin öyrənmə motivasiyasını artırır, analitik və yaradıcılıq bacarıqlarının inkişafına müsbət təsir göstərir.
Seminar çərçivəsində AI ilə dəstəklənən tədris pilot layihəsinin hesabatı da təqdim olunub. Hesabatda tətbiq edilən metodologiya, əldə olunan nəticələr, tələbə məmnunluğu, müəllim effektivliyi, gələcək perspektivlər, qısamüddətli planlar, orta və uzunmüddətli hədəflər və s. nüanslar ətraflı şəkildə diqqətə çatdırılıb.
Müzakirələrlə davam edən seminarda layihənin Azərbaycan təhsil sistemində süni intellektin inteqrasiyası üçün müsbət model kimi əhəmiyyəti vurğulanıb və bu təcrübənin genişləndirilməsi tövsiyə olunub.

