BMU-da süni intellektin xarici dil tədrisində tətbiqinə həsr olunmuş dəyirmi masa
10 aprel 2026
Bakı Mühəndislik Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Xarici dil tədrisində süni intellekt: ali təhsildə rəqəmsal transformasiya və innovativ yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib.
Xarici dillər kafedrasının baş müəllimi Nigar Orucovanın moderatorluğu ilə keçirilən tədbir BMU, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və MetaWay şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə hər iki ali təhsil müəssisəsinin müəllimləri, habelə mütəxəssislər, tələbələr və dəvətli qonaqlar iştirak ediblər.
Xarici dillər kafedrasının müdiri Nərminə Əliyeva süni intellektin təhsildə tətbiqinin əhəmiyyətindən danışaraq, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə toxunub. Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyasının prioritetləri xüsusi qeyd edilib.
Dəyirmi masa çərçivəsində xarici dil tədrisində süni intellekt alətlərinin istifadəsi, tələbələrin kommunikativ bacarıqlarının inkişaf etdirilməsi, innovativ tədris metodlarının tətbiqi, qiymətləndirmə mexanizmləri, akademik dürüstlük prinsipləri və müəllimlərin rəqəmsal kompetensiyalarının artırılması kimi aktual mövzular geniş müzakirə olunub.
Tədbir təqdimatlar və panel müzakirəsi ilə davam edib, iştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq müxtəlif təklif və yanaşmalar irəli sürüblər.
Sonda vurğulanıb ki, bu kimi təşəbbüslər BMU ilə UNEC arasında gələcək əməkdaşlığın daha da dərinləşməsinə, ortaq tədris modullarının hazırlanmasına, birgə elmi layihələrin həyata keçirilməsinə və akademik mübadilə proqramlarının genişlənməsinə əlverişli zəmin yaradır.





