BMU-da su ehtiyatlarının idarə olunması mövzusunda seminar

12 may 2026
BMU-da su ehtiyatlarının idarə olunması mövzusunda seminar

Bakı Mühəndislik Universitetində (BMU) “Azərbaycanın daxili su ehtiyatlarından inteqrasiyalı istifadə planı” mövzusunda seminar keçirilib.

 

Seminarın açılışında çıxış edən Mühəndislik fakültəsinin dekanı Asif Quliyev mövzunun aktuallığını vurğulayıb, su ehtiyatlarının səmərəli idarə olunmasının ölkənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

 

Tədbirdə “Hidroloq” MMC-nin təsisçisi, texnika elmləri doktoru, Əməkdar mühəndis Əhməd Məmmədov çıxış edərək yer kürəsində su ehtiyatlarından istifadənin müxtəlif istiqamətlərindən bəhs edib. Çıxış zamanı respublika daxilində formalaşan çayların su ehtiyatları, gursulu və azsulu illərə dair statistik göstəricilər təqdim olunub. Qlobal iqlim dəyişikliyinin təsiri nəticəsində ölkəmizdə yerüstü su ehtiyatlarının azalması tendensiyasının müşahidə olunduğu diqqətə çatdırılıb.

 

Həmçinin bildirilib ki, respublikamızın coğrafi şəraiti, əhalinin məskunlaşması və mövcud hidroqrafik şəbəkə su ehtiyatlarından istifadədə inteqrasiyalı idarəetmə yanaşmasının tətbiqini zəruri edir. Tədbirdə inteqrasiyalı idarəetmənin əsas prinsipləri və tələbləri, eləcə də çay su ehtiyatlarından istifadənin mövcud vəziyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.

 

Sonda su ehtiyatlarının qorunması və səmərəli istifadəsi istiqamətində təklif olunan həll variantlarının əsas prioritetləri diqqətə çatdırılıb, iştirakçıların sualları cavablandırılıb.

BMU-da su ehtiyatlarının idarə olunması mövzusunda seminar | BEU