BMU-da SOCAR mütəxəssisinin iştirakı ilə elmi seminar keçirilib

18 dekabr 2025
BMU-da SOCAR mütəxəssisinin iştirakı ilə elmi seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) mexanika, maşın, mexatronika və robototexnika mühəndisliyi ixtisasları üzrə professor-müəllim heyəti, eləcə də tələbə və doktorantlar üçün elmi seminar keçirilib.

 

Seminar neft sənayesi sahələrində geniş istifadə edilən yuxarı güc intiqalının qidalandırıcı borusunun istehsalının texnoloji xüsusiyyətləri mövzusuna həsr olunub.

 

BMU-nun Mexanika mühəndisliyi kafedrasının müdiri professor Mahir Bəşirov belə tədbirlərin əsas məqsədinin tələbələrin nəzəri biliklərini praktik yanaşmalarla möhkəmləndirməkdən ibarət olduğunu bildirib. Vurğulanıb ki, sənayedə tətbiq olunan müasir texnologiyalar haqqında məlumatların birbaşa sahə mütəxəssislərindən əldə edilməsi tələbələrin gələcək peşə fəaliyyətinə mühüm töhfələr verir.    

 

Sonra SOCAR AQS-nin Dənizdə texniki xidmət qrupunun rəhbəri İlqar Şirəliyev məruzə ilə çıxış edib. Çıxışda neft sənayesində istifadə edilən yuxarı güc intiqalının əsas hissəsi olan qidalandırıcı boru        sunun iş prinsipi, istismar xüsusiyyətləri, onların sıradan çıxması və qarşısının alınmasından ətraflı bəhs olunub. İ.Şirəliyev neft sənayesi müəssisələrində yuxarı güc intiqalının qidalandırıcı borusunun istehsalının texnoloji xüsusiyyətlərinin sənayedə xüsusi rol oynadığını deyib.  Həmçinin  qidalandırıcı borunun uzunömürlülüyünün artırılması üçün işçi səthin üzərinə xrom örtüyünün çəkilməsi texnologiyalarına toxunub.  

 

Sonda professor-müəllim heyəti və tələbələrin sualları cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. 

BMU-da SOCAR mütəxəssisinin iştirakı ilə elmi seminar keçirilib | BEU