BMU-da Riyaziyyat Olimpiadasının qalibləri mükafatlandırılıb
23 iyun 2026
Bakı Mühəndislik Universitetində (BMU) Tədqiqat və Layihə İnstitutu MMC-nin Riyaziyyat Diaqnostika Mərkəzi tərəfindən orta ümumtəhsil məktəblərinin 2-8-ci sinif şagirdləri arasında təşkil olunmuş Riyaziyyat Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə olimpiada iştirakçıları, onların valideynləri, universitetin professor-müəllim heyəti iştirak edib.
Tədbirdə bildirilib ki, olimpiada məktəblilərin riyaziyyat fənninə marağının artırılması, analitik təfəkkürünün inkişaf etdirilməsi, məntiqi düşünmə bacarıqlarının gücləndirilməsi, eləcə də istedadlı şagirdlərin üzə çıxarılaraq dəstəklənməsi məqsədi daşıyıb. Olimpiada suallarının hazırlanmasına və keçirilməsinə BMU-nun Riyaziyyat və kompüter elmləri kafedrası tərəfindən dəstək göstərilib.
Tədbirdə çıxış edən kafedranın müdiri Rakib Əfəndiyev riyaziyyatın müasir texnologiyaların, mühəndisliyin və innovasiyaların inkişafında mühüm rol oynadığını vurğulayıb. O, məktəblilər arasında təşkil olunan bu cür olimpiadaların istedadlı şagirdlərin aşkara çıxarılması, onların elmə marağının artırılması və gələcək uğurlarının formalaşması baxımından əhəmiyyətini qeyd edib. Kafedra müdiri, eyni zamanda BMU-da tələbələrin innovativ düşüncə tərzinin formalaşdırılması, müasir bilik və bacarıqlara yiyələnməsi istiqamətində yaradılan imkanlardan danışıb, universitetin Koreya və Çin universitetləri ilə həyata keçirdiyi ikili diplom proqramları barədə iştirakçılara məlumat verib.
Sonra kafedranın dosenti Hümbət Əliyev və baş müəllimlər- Bəhman Məmmədov, Rəşad Əlimməmmədov və İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekan müavini Elməddin Hüseynov, həmçinin Tədqiqat və Layihə İnstitutu MMC-nin direktoru Şahin Orucov çıxış ediblər. Natiqlər şagirdlərin riyaziyyat sahəsində əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirərək, davamlı çalışmağın və öz üzərində işləməyin vacibliyindən danışıblar. Çıxışlarda olimpiadanın iştirakçılar üçün yeni təcrübə qazandırdığı, onların özünəinamının artırılmasına və gələcək uğurlara motivasiya yaratmasına xidmət etdiyi bildirilib.
Sonda olimpiadada I, II və III yerlərə layiq görülən şagirdlərə, eləcə də fəal iştirakçılara sertifikatlar, qaliblərə isə əlavə olaraq kitab hədiyyə edilib.




