BMU-da PUA və CİS texnologiyalarına həsr olunmuş seminar

6 oktyabr 2026
BMU-da PUA və CİS texnologiyalarına həsr olunmuş seminar

Bakı Mühəndislik Universitetində (BMU) “AZGİS” MMC və Türkiyənin “Maiden Flight Tech Havacılık” şirkəti ilə əməkdaşlıq çərçivəsində pilotsuz uçuş aparatları (PUA), eləcə də Coğrafi İnformasiya Sistemlərinə (CİS) həsr olunmuş seminar keçirilib.

 

Tədbirdə çıxış edən BMU-nun Mühəndislik fakültəsinin dekanı Asif Quliyev müasir dövrdə universitet-sənaye əməkdaşlığının əhəmiyyətindən danışıb. O, müasir texnologiyaların tətbiqi ilə bağlı keçirilən seminarların tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına, yeni texnologiyalarla yaxından tanış olmalarına və əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi hazırlanmasına töhfə verdiyini vurğulayıb.

 

Sonra “Maiden Flight Tech Havacılık” şirkətinin İdarə Heyətinin sədri Vedat Güneş qurumun fəaliyyəti və PUA texnologiyaları sahəsində həyata keçirilən işlər barədə məlumat verib. Türkiyənin müdafiə sənayesində son illər əldə etdiyi uğurlara toxunan qonaq hərbi və müdafiə sektorunda müasir texnologiyaların, o cümlədən pilotsuz uçuş aparatlarının tətbiqinin genişləndiyini bildirib. O qeyd edib ki, PUA-lardan kənd təsərrüfatında, hündürmərtəbəli binaların təmizlənməsində və digər texniki xidmət sahələrində də istifadə imkanları genişlənir. 

 

Çıxış zamanı gənclərin PUA və digər müasir texnologiyalar üzrə biliklərə yiyələnməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə təhsil və praktiki hazırlıq imkanları barədə məlumat verilib.

 

Seminar çərçivəsində müxtəlif təyinatlı dronların nümayişi keçirilib. İştirakçılara PUA-ların texniki imkanları, tətbiq sahələri və istifadə xüsusiyyətləri barədə məlumat verilib.

 

Daha sonra “AZGİS” MMC-nin təsisçisi Amil Ağayev CİS və onun tətbiq imkanları barədə təqdimatla çıxış edib. O, CİS-in geodeziya, topoqrafiya və kartoqrafiya sahələrində, PUA-lar vasitəsilə müxtəlif təyinatlı çəkilişlərin aparılmasında, eləcə də müxtəlif mühəndis-axtarış işlərinin həyata keçirilməsində mühüm rol oynadığını deyib.  Bildirilib ki, PUA-lardan əldə olunan görüntü və məlumatların CİS texnologiyaları ilə emalı ərazilərin daha dəqiq xəritələndirilməsinə, müxtəlif obyektlər haqqında məlumatların əldə edilməsinə və mühəndislik layihələrinin hazırlanması zamanı qərarvermə prosesinin təkmilləşdirilməsinə imkan yaradır.

 

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

BMU-da PUA və CİS texnologiyalarına həsr olunmuş seminar | BEU