BMU-da KVET Əlavə Təhsil Mərkəzi ilə birgə təlim təşkil edilib

2 mart 2026
BMU-da KVET Əlavə Təhsil Mərkəzi ilə birgə təlim təşkil edilib

Bakı Mühəndislik Universitetində (BMU) KVET Əlavə Təhsil Mərkəzi tərəfindən tələbələr üçün seminar və təlim keçirilib. Tədbirin əsas məqsədi tələbələri müasir əmək bazarının tələbləri, praktik bacarıqların inkişafı və peşəkar istiqamətlənmə imkanları barədə məlumatlandırmaq olub.    

 

Açılış nitqi ilə çıxış edən Mühəndislik fakültəsinin dekanı Asif Quliyev vurğulayıb ki, müasir dövrdə ali təhsil yalnız nəzəri biliklərlə məhdudlaşmamalı, tələbələr əmək bazarının real tələblərinə uyğun praktik bacarıqlara da  yiyələnməlidirlər. Bildirilib ki, universitet rəhbərliyi tərəfindən tələbələrin peşəkar inkişafı daim diqqət mərkəzində saxlanılır və onların karyera hazırlığının gücləndirilməsi prioritet istiqamətlərdən biridir. 

 

Seminar zamanı KVET Əlavə Təhsil Mərkəzinin mütəxəssisləri tərəfindən  praktiki təlimlərin əhəmiyyəti, real iş mühitinə hazırlıq prosesi, işəgötürənlərin gözləntiləri və əlavə təhsilin karyera inkişafında rolu barədə ətraflı təqdimat olub. İştirakçılar, həmçinin əmək bazarında rəqabət qabiliyyətinin artırılması yolları haqqında məlumatlandırılıblar.   

 

İnteraktiv formada keçirilən təlimdə  tələbələrin sualları cavablandırılıb, real situasiyalar əsasında müzakirələr aparılıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. 

 

KVET Əlavə Təhsil Mərkəzi gənclərin peşəkar inkişafına töhfə vermək və onları real iş mühitinə daha hazırlıqlı şəkildə yönləndirmək məqsədilə maarifləndirici və praktik yönümlü tədbirləri gələcəkdə də davam etdirəcək. 

 

BMU-da KVET Əlavə Təhsil Mərkəzi ilə birgə təlim təşkil edilib | BEU