BMU-da kibertəhlükəsizlik üzrə CTF yarışı keçirilib
22 dekabr 2025
Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən “Kibertəhlükəsizlik klubu”nun təşkilatçılığı ilə “Capture The Flag” (CTF) formatında kibertəhlükəsizlik yarışı təşkil olunub.
Tədbirin açılışında THİK-in sədri Əli Hüseynov kibertəhlükəsizliyin müasir dövrdə artan əhəmiyyətini, informasiya təhlükəsizliyinin qorunmasının strateji rolunu və bu sahədə gənc mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb. Bildirilib ki, yarışın əsas məqsədi tələbələr arasında kibertəhlükəsizlik sahəsinə marağın artırılması, nəzəri biliklərin praktiki bacarıqlarla möhkəmləndirilməsi, həmçinin sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.
Universitetin İnformasiya və kompüter texnologiyaları fakültəsinin dəstəyi ilə baş tutan yarış zamanı iştirakçılara real kibertəhlükəsizlik ssenariləri əsasında hazırlanmış tapşırıqlar təqdim edilib. Tələbələr müxtəlif çətinlik səviyyələrini əhatə edən tapşırıqları müəyyən vaxt çərçivəsində yerinə yetirərək komanda işi və fərdi bacarıqlarını ortaya qoyublar. Yarış prosesində tələbələr çevik qərarvermə və analitik bacarıqlarından istifadə edib, informasiya təhlükəsizliyi üzrə real problemlərin həlli istiqamətində praktiki təcrübə qazanıblar.
Yarışın sonunda fərqlənən iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunublar.

