BMU-da keçiriləcək beynəlxalq elmi konfransa tezislərin qəbulu davam edir

22 yanvar 2026
BMU-da keçiriləcək beynəlxalq elmi konfransa tezislərin qəbulu davam edir

Bakı Mühəndislik Universitetinin (BMU) təşkilatçılığı ilə 23-25 aprel 2026-cı il tarixlərində “İnnovativ sintez və funksional materiallar” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa tezislərin qəbulu davam edir.

 

Kimya, materialşünaslıq və əlaqəli sahələr üzrə aparılan müasir elmi tədqiqatların müzakirəsini təşkil etmək, alimlər və gənc tədqiqatçılar arasında elmi əməkdaşlığı genişləndirmək məqsədi daşıyan konfransa tezislərin qəbulunun 15 martda başa çatması nəzərdə tutulur. 

 

Tədbirdə müxtəlif ölkələrdən tanınmış alimlər, tədqiqatçılar, sənaye nümayəndələri və gənc mütəxəssislər iştirak edəcəklər. Konfrans çərçivəsində nanotexnologiya, enerji materialları, biomateriallar, polimerlər və hesablama materialları, həmçinin sintezi, dizaynı, eləcə də tətbiqi sahəsindəki ən son nailiyyətlər müzakirə olunacaq, müxtəlif elmi istiqamətlər üzrə fikir mübadiləsi aparılacaq.

 

Beynəlxalq konfrans elmi biliklərin mübadiləsi ilə yanaşı, gənc tədqiqatçıların öz elmi işlərini təqdim etməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və innovativ ideyaların təşviqi baxımından mühüm platforma rolunu oynayacaq. Elmin istehsalat və sənaye ilə inteqrasiyasına, universitetin elmi-tədqiqat potensialının gücləndirilməsinə, bütövlükdə Azərbaycan elmi mühitinin beynəlxalq səviyyədə tanıdılmasına və innovasiya yönümlü inkişaf strategiyasına mühüm töhfə verəcək konfransın proqramına plenar iclaslar, tematik sessiyalar, məruzələr, poster təqdimatları və elmi müzakirələr daxildir.

 

Konfrans haqqında daha ətraflı məlumat əldə etmək və digər mühüm tarixlərlə tanış olmaq aşağıdakı link vasitəsilə mümkündür: 

 

https://isfm.beu.edu.az/en