BMU-da elmi tədqiqat və tədrisdə süni intellektin tətbiq imkanlarına dair təlim
26 may 2026
Bakı Mühəndislik Universitetinin (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsinin professor-müəllim heyəti və əməkdaşları üçün “Elmi tədqiqatda və tədris prosesində süni intellektin tətbiq imkanları” mövzusunda təlim təşkil olunub.
Fakültənin müəllimi Ərtuğrul Qayıbov tərəfindən keçirilən təlimdə süni intellekt texnologiyalarının təhsil mühitinə inteqrasiyası, dərslərin daha interaktiv təşkili və elmi tədqiqat fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətində tətbiq imkanları barədə məlumat verilib.
Təlim zamanı akademik dürüstlük prinsiplərinin qorunmasının vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, plagiatla mübarizə qaydalarına əməl olunmaqla süni intellekt alətləri müəllim və tələbələrin tədris, araşdırma və məlumatların emalı prosesində işini daha da səmərəli təşkil etməyə yardımçı ola bilər.
Praktiki hissədə müasir süni intellekt proqramlarının tətbiqi iştirakçılara nümayiş etdirilib. Bu çərçivədə NotebookLM və Gemini platformalarının istifadə qaydaları real nümunələr əsasında ətraflı izah olunub.
Sual-cavab sessiyası ilə davam edən təlimdə süni intellektin tədrisdə tətbiqi zamanı yarana biləcək risklər, qiymətləndirmə meyarlarının yenilənməsi və bu texnologiyadan istifadə ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.



