BMU-da Elmi Şuranın iclası keçirilib

2 iyun 2026
BMU-da Elmi Şuranın iclası keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.   

 

İclası giriş nitqi ilə açan Şuranın sədri, rektor Yaqub Piriyev gündəlikdə duran məsələlər barədə məlumat verib. Eyni zamanda rektor BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamovun sayca 3-cü monoqrafiyasının dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan “Springer” tərəfindən nəşr edildiyini bildirib, ona universitet kollektivi adından təbriklərini çatdırıb.

 

Sonra iclasda Müəssisələrlə əlaqələr və karyeranın inkişafı istiqamətində görülən işlər və Strategiya və keyfiyyət təminatı şöbəsinin fəaliyyətinin nəticələri barədə hesabatlar təqdim olunub.  

 

Hər bir hesabat ətrafında geniş müzakirələr aparılıb, Şura üzvlərinin təklif və rəyləri səsləndirilməklə hesabatlar qənaətbəxş sayılıb. 

 

İclasda rektor Yaqub Piriyev aidiyyəti struktur bölmələrə tapşırıqlar verib, müəssisələrlə əlaqələrin daha da möhkəmləndirilməsi, tələbələrin karyera imkanlarının artırılması, əmək bazarının tələblərinə uyğun peşəkar hazırlığının gücləndirilməsi, həmçinin tədris və idarəetmə proseslərində keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb. Rektor qeyd olunan sahələr üzrə işlərin sistemli şəkildə həyata keçirilməsinin universitetin daha da inkişafına və rəqabətqabiliyyətliliyin yüksəldilməsinə mühüm töhfə verəcəyini bildirib.  

 

Sonda bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub. 

BMU-da Elmi Şuranın iclası keçirilib | BEU