BMU-da Elmi Şuranın iclası keçirilib
31 mart 2026
Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib.
İclası giriş nitqi ilə açan Şuranın sədri, rektor Yaqub Piriyev gündəlikdə duran məsələləri nəzərə çatdırıb. Rektor universitetin “Quacquarelli Symonds” tərəfindən ötən həftə açıqlanan “QS World University Rankings by Subject 2026” reytinqində ilk dəfə təmsil olunduğunu bildirib, bu münasibətlə kollektivə təbriklərini ifadə edib. Ali təhsil ocağının nüfuzlu reytinq siyahısında 2 ixtisas kateqoriyası üzrə yer alaraq mühüm nailiyyət əldə etdiyini vurğulayan Yaqub Piriyev bundan öncə BMU-nun QS reytinqində dünya üzrə ilk 1000-yə, Avropa üzrə isə ilk 400-yə daxil olmasını xatırladıb və bütün bunların universitetin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi olduğunu dilə gətirib. Rektor, eyni zamanda BMU-nun Strateji İnkişaf Planında yer alan əsas hədəflərə toxunaraq, qarşıdakı fəaliyyət istiqamətləri ilə bağlı tapşırıqlarını verib.
Sonra iclasda Beynəlxalq əlaqələr üzrə prorektorluğun, o cümlədən Texnoparkın fəaliyyətinə dair hesabatlar dinlənilib.
Hər bir hesabat ətrafında geniş müzakirələr aparılıb, Şura üzvlərinin təklif və rəyləri nəzərə alınmaqla qənaətbəxş sayılıb.
Yaqub Piriyev beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xarici tərəfdaşlarla birgə layihələrin artırılması və innovasiya mühitinin inkişafının universitetin əsas prioritet istiqamətlərindən olduğunu qeyd edib, fəaliyyətin daha da genişləndirilməsi, o cümlədən startap ekosisteminin gücləndirilməsi və sənaye ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətlərini xüsusi olaraq vurğulayıb.
Sonda gündəlikdə duran müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb və qərarlar qəbul olunub.

