BMU-da Elmi Şuranın cari ildə son iclası keçirilib
30 dekabr 2025
Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın 2025-ci ildə son iclası keçirilib.
İclasda Elmi Şuranın sədri, rektor Yaqub Piriyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Şura üzvlərinə təbriklərini çatdırıb, onlara uğurlar arzulayıb. Rektor gündəlikdəki məsələlər barədə məlumat verərək, universitetin 2026-cı ildəki əsas hədəflərinə toxunub. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin il ərzində əldə etdiyi mühüm sosial-iqtisadi, elmi və beynəlxalq uğurları xüsusi vurğulayan rektor bu nailiyyətlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr müəyyənləşdirdiyini bildirib. Bu kontekstdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, innovasiya və rəqəmsallaşma istiqamətlərində işlərin yeni çağırışlara uyğun davam etdirilməsinin vacibliyini söyləyib.
İclasın gündəliyinə uyğun olaraq Memarlıq və inşaat fakültəsində tədris, elmi-tədqiqat və tərbiyə işlərinin təşkili üzrə hesabat dinlənilib. Hesabat ətrafında müzakirələr aparılıb, səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla qənaətbəxş hesab edilərək qəbul olunub.
Rektor Yaqub Piriyev Memarlıq və inşaat fakültəsinin dekan vəzifəsinə bu ay seçkilərin keçirildiyini vurğulayıb. Bu vəzifəyə yeni seçilən dosent Nizami Əhmədovu təqdim edən rektor, onun kifayət qədər pedaqoji və elmi təcrübəyə malik olduğunu bildirib, eyni zamanda fakültənin qarşısında duran əsas vəzifələr, tələbəyönümlü layihələrin icrası və digər aktual məsələlərlə bağlı tapşırıqlarını verib.
İclas digər məsələlərin müzakirəsi və müvafiq qərarların qəbulu ilə başa çatıb.

