BMU-da Clarivate şirkəti tərəfindən təlim keçirilib

8 yanvar 2026
BMU-da Clarivate şirkəti tərəfindən təlim keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Web of Science platformasındakı yeniliklər, eləcə də təşkilat və müəllif profillərinin idarə olunması mövzusunda təlim təşkil edilib.

 

Təlimin açılışında BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov çıxış edərək elmi fəaliyyətin obyektiv qiymətləndirilməsində beynəlxalq elmmetrik bazaların mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Web of Science kimi nüfuzlu platformalar tədqiqatçıların elmi nəticələrinin qlobal elmi ictimaiyyətə düzgün və şəffaf şəkildə təqdim olunmasına geniş imkan yaradır. 

 

Təlimdə Clarivate şirkətinin əməkdaşı Xəyalə Hacıyeva təqdimatla çıxış edib. Təqdimat zamanı Web of Science platformasında son yeniliklər və funksional imkanlar, təşkilat profillərinin düzgün strukturlanması və analiz imkanları, müəllif profillərinin idarə edilməsi, dəqiqləşdirilməsi və birləşdirilməsi məsələləri ətraflı izah olunub. 

 

Çıxışda tədqiqatçıların elmi fəaliyyət zamanı üzləşdikləri əsas çətinliklər qeyd edilib, Web of Science platformasının bu ehtiyac və gözləntiləri necə qarşıladığına dair praktik yanaşmalar təqdim olunub. Eyni zamanda jurnal seçiminin qiymətləndirilməsi meyarları, öyrənmək və öyrətmək üçün mövcud resurslar barədə məlumat verilib. BMU üçün platformada açıq olan materiallar iştirakçıların diqqətinə çatdırılıb. 

 

İnteraktiv formatda davam edən təlimdə iştirakçıların sualları cavablandırılıb, tədqiqatçıların elmi fəaliyyətinin beynəlxalq nüfuzlu elmmetrik bazalarda daha geniş auditoriyaya çatdırılması ilə bağlı təklif və tövsiyələr səsləndirilib. 

BMU-da Clarivate şirkəti tərəfindən təlim keçirilib | BEU