BMU-da “Bakı 2030: Gənclərin şəhərsalma baxışı” mövzusunda tədbir
16 aprel 2026
Bakı Mühəndislik Universitetində (BMU) “Gələcəyin şəhərləri” Gənclər Həftəsi çərçivəsində “Bakı 2030: Gənclərin şəhərsalma baxışı” mövzusunda tədbir keçirilib.
Tədbirdə nəzərə çatdırılıb ki, “Şəhərsalma və Memarlıq İli”, həmçinin Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) çərçivəsində gerçəkləşdirilən həftənin məqsədi gənclər arasında şəhərsalma və memarlıq sahəsinə marağı artırmaq, innovativ yanaşmaları təşviq etmək və bu istiqamətdə maarifləndirmə fəaliyyətini genişləndirməkdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan bu kampaniya Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə gerçəkləşir.
Tədbirdə Memarlıq və şəhərsalma kafedrasının müdiri Sabir Orucov çıxış edərək belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb və gənclərin qlobal layihələrdə iştirakının vacibliyini, onların innovativ yanaşmaları, yeni ideyalarının şəhərsalma prosesinə mühüm töhfə verə biləcəyini önə çəkib.
Sonra BMU Tələbə Gənclər Təşkilatının üzvləri və digər çıxış edənlər WUF13 prosesi, bu platformanın gənclər üçün yaratdığı geniş imkanlar barədə məlumat veriblər.
Tədbir zamanı şəhərsalma və şəhər infrastrukturunun inkişafı sahəsində müasir yanaşmalar, “ağıllı şəhər” həlləri, ekoloji tarazlıq, nəqliyyat sistemlərinin optimallaşdırılması, dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətlərində fikirlər səsləndirilib. Həmçinin gələcəyin şəhər modelləri, innovativ həllərə dair baxışlar təqdim olunub.
Sonda keçirilən panel müzakirədə tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.





