BMU-da AzFina ilə birgə tələbələr üçün seminar keçirilib
17 dekabr 2025
Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Fintex Assosiasiyası İctimai Birliyi (AzFina) arasında əməkdaşlıq çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün maliyyə texnologiyaları mövzusunda seminar keçirilib.
Tədbirdə fakültənin dekanı Nəsimi Kamalov bu cür seminarların gənclərin maliyyə texnologiyaları sahəsində aktual trendlərlə tanış olması, real sektor nümayəndələri ilə birbaşa ünsiyyət qurması və gələcək karyera seçimlərində daha düzgün qərarlar qəbul etməsi baxımından əhəmiyyətini vurğulayıb.
Seminarda “QoldenPey” ASC-nin kommersiya direktoru Səbinə Əmiraslan müasir dövrdə maliyyə texnologiyalarının inkişafı və rəqəmsallaşmanın yaratdığı yeni imkanlar barədə tələbələrə məlumat verib. Çıxışda nağd kağız əskinaslardan rəqəmsal valyutalara keçid prosesi, bu keçidin iqtisadiyyata təsiri ətraflı izah olunub, xüsusilə rəqəmsal maliyyə sistemlərində etimad amilinə toxunulub.
“Token Azərbaycan” MMC-nin direktoru Raşit Kartal isə startapların formalaşma tarixi, uğurlu startapların inkişaf mərhələləri və komanda şəklində işləmək bacarığının əhəmiyyəti barədə danışıb. İnnovativ düşüncə və düzgün komanda quruculuğunun biznesdə uğurun əsas amillərindən biri olduğunu vurğulayan mütəxəssis real təcrübələr əsasında gənclərə zəruri tövsiyələr də verib.
Seminar zamanı mövzu ilə bağlı tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallara aydınlıq gətirilib. Həmçinin AzFina-nın BMU Texnoparkında maliyyə texnologiyaları sahəsində innovativ startapların yaradılması və inkişafına dəstəyi məsələlərinə toxunulub.



